Dahilərin xəstəliyi


Digərləri 27 Mar 2020 20:40:00 148 0

Dahilərin xəstəliyi

Qıcolma tutması əhali arasında çox geniş yayılmış klinik haldır. El arasında buna ürəkgetmə, qıcolma da deyirlər. Ona görə də ürəkgetmə şəklində belə tutmaları olan xəstələr çox zaman kardioloqa müraciət edirlər. Bəzən bu tutmalar müxtəlif atipik əlamətlərlə təzahür etdiyindən çox vaxt diaqnoz və müalicə zamanı yanlışlıqlara yol verilir.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a nevropatoloq Yeganə Rəşidova məlumat verib.

Nevropatoloq deyib: "Qıcolma tutmaları uşaqlar arasında çox geniş yayılıb. Buna bətndaxili və ya doğuş zamanı müxtəlif zərərli və zədələyici amillər səbəb ola bilər. Uşaqlarda beyinin kifayət qədər tam inkişaf etməməsi səbəbindən onun oyanması çox həssas olur və diffuz qıcolma reaksiyası ilə nəticələnir. Həmçinin körpələrdə beyin damarlarının keçiriciliyinin yüksək olması səbəbindən infeksiyaların təsirindən beyindaxili təzyiq arta və qıcolma ilə nəticələnə bilər.

Epilepsiya təkrar qıcolma tutmaları ilə xarakterizə olunan baş-beyinin xroniki xəstəliyidir. Epileptik tutmalar auralı və aurasız olur. Klassik epileptik tutmalar çox spesifik olur. Bəzi xəstələrdə tutmadan bir neçə saniyə öncə aura yaranır. Aura xəstədə xüsusi xəbərdaredici bir haldır. Belə ki, xəstələrdə bəzən tutmadan bir neçə saniyə öncə göz qarşısında qığılcımların olması, qulaqda bəzi səslərin eşidilməsi, sanki daxili gərginliyin artması kimi hallar olur. Bu əlbəttə ki, xəstələr üçün müsbət haldır. Onlar tutma olacağını bilir, özlərinə normal poza seçirlər ki, böyük zədə almasınlar. Aurasız qıcolma tutmaları daha təhlükəlidir. Belə xəstələr epileptik tutmalar zamanı travmatik zədələr ala bilirlər. Adətən bir xəstədə tutmadan öncə eyni aura baş verir. Lakin bir xəstə ilə digərinin aurası fərqlənə bilər. Auradan sonra huşun itməsi və qıcolma baş verir. Əvvəl toniki, ardınca klonik qıcolma qeydə alınır. Tənəffüs əzələləri cəng olduqda qısa müddətdə tənəffüs dayanması və dilin dişlənməsi baş verir. Qeyri-iradi sidik ifrazı, sonra tutma müşahidə olunur. Bəzən tutmadan sonra yuxululuq, bir sıra hallarda isə oyanıqlıq qeydə alınır. Xəstələrin bir qismində tutmalardan sonra baş ağrıları, halsızlıq kimi hallar müşahidə oluna bilər".

Mütəxəssisin sözlərinə görə, epilepsiyanın qeyri-epileptik tutmaları da mövcuddur. Yenidoğulmuşların asfiksiyası, hemolitik xəstəlikləri, doğuş zamanı aldıqları kəllədaxili travmaları, mərkəzi sinir sisteminin defekti, anadangəlmə eybəcərliklər, mikrosepaliya, hidrosepaliya zamanı, o cümələdən baş-beyin şişləri, damar və ürək patologiyaları, anevrizmalar, angiomatozlar, beyin qan dövranının kəskin pozuntuları, anadangəlmə ürək qüsurları, kəskin respirator xəstəliklər, neyroinfeksiyalar, meningitlər, ensefalitlər, yüksək temperatur zamanı qıcolmalar müşahidə oluna bilər. Epileptik tutmalar, həmçinin profilaktik peyvəndlər, müxtəlif intoksikasiyalar, bir çox müxtəlif maddələr mübadiləsi pozulmaları, bəzi qan xəstəlikləri, dərman, narkotik qəbulu, bəzi preparatların qəbulunun dayandırılması zamanı da qeydə alına bilər. Bunlar epilepsiyanın qeyri epileptik tutmalarıdır.

Qıcolma tutmalarının yaranmasının əsasında baş-beyin neyronlarının oyanıqlığının artması dayanır. Bu neyronlar da beyinin müvafiq yerində ocaq əmələ gətirir ki, onun oyanması hesabına qıcolma tutmaları baş verir. Baş-beyinin travmaları, deinsefal zədələnmələri, infeksiyaları, epilepsiyaya irsi meyillilik, hamiləlik zamanı ananın keçirdiyi intoksikasiyalar, infeksiyalar, onun qəbul etdiyi dərman preparatları, travma, abort təhlükəsi, doğuş vaxtı asfiksiyalar, cift dolaşması, sürətli və ya uzun çəkən doğuşlar, böyüklərdə qan dövranının kəskin pozulmaları, insultlar qıcolma tutmalarının yaranmasına səbəb ola bilər.

Epilepsiya xəstəliyindən dahi insanlar daha çox əziyyət çəkiblər. Ona görə də qədim zamanlarda epilepsiya "dahi xəstəlik" və ya "dahilərin xəstəliyi" adlandırılıb. Napoleon Bonapart, Yuli Sezar, Fyodor Dostoyevski, Fridrix Hendel, Alfred Nobel, Dante Aligyeri kimi məşhur insanlar bu xəstəlikdən əziyyət çəkiblər.