Rüşvətdə təqsirləndirilən məktəb direktorunun məhkəməsi başladı


Kriminal 27 Mar 2020 16:26:00 145 0

Rüşvətdə təqsirləndirilən məktəb direktorunun məhkəməsi başladı

Şəki Ağır Cinayətlər Məhkəməsində Oğuz Peşə Məktəbinin direktoru Azər Nəcməddinov və baş usta İmdad İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az APA-ya istinadən bildirir ki, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmə baxışı martın 29-a təyin edilib.

Qeyd edək ki, Oğuz Peşə Məktəbinin direktorunun qanunsuz hərəkətləri barədə əldə edilmiş əməliyyat məlumatları əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Təhsil Nazirliyinin əməkdaşlarının iştirakı ilə birgə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Bu tədbirlərlə Oğuz rayonu, Bayan kəndində yerləşən Oğuz Peşə Məktəbinin direktoru Azər Nəcməddinovun məktəbin digər işçiləri vasitəsilə peşə məktəbində təhsil alan şagirdlərin "Kapitalbank" ASC tərəfindən təqdim edilmiş plastik kartlarından istifadə etməklə, 2017-2019-cu illər ərzində onların aylıq təqaüdlərini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.