Təbriz həbsxanasında koronavirusa görə qiyam? VİDEO


Dünya 27 Mar 2020 14:30:00 133 0

Təbriz həbsxanasında koronavirusa görə qiyam?  VİDEO

Ötən gün martın 26-da Təbriz həbsxanasında məhbusların üsyan etməsi haqda sosial mediada video paylaşılıb. Həmin videoda həbsxanadan ardıcıl şəkildə güllə səsi eşidilir. Yayılan məlumata görə, Təbriz həbsxanasının məhbusları axşamçağı koronavirus təhlükəsi qarşısında zaminə  buraxılmalarına izn verilmədiyi üçün ayağa qalxıblar. Məhbuslar və həbsxana məmurları arasına qarşıdurma baş verdiyi deyilir.

Hələlik rəsmi təsdiqlənməyən bəzi mənbələrin məlumatına görə, Təbriz həbsxanasının 9-cu bölməsində iki əsgərin silahı üsyançı məhbusların əlinə keçməsi nəticəsində həbsxanada məmurlar və məhbuslar arasında silahlı toqquşma baş verib.

Məhbusların yataq ədyallarını həbsxananın salonu və həyətində toplayaraq yandırması nəticəsində həbsxanadan tünd duman qalxdığı müşahidə edilib. Məhbuslar və həbsxana məmurları arasında 9 və 7-ci bölmələrində qarşıdurma baş verdiyi bildirilir. Polisin xüsusi qüvvələri həbsxananın ətrafında toplanaraq həbsxananın ciddi şəkildə mühafizə edildiyi barədə məlumat yayılıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu xəbər barədə ilk dəfə Təbrizin meri tərəfindən açıqlama verilib. Təbriz şəhərinin meri Behruz Məhdəvi İRNA xəbər agentliyinə Təbriz həbsxanasında baş verən atəş açılması və qarşıdurma xəbərini rədd edərək, hadisəni "kiçik bir yanğın nəticəsində məhkumlar və həbsxana məmurları arasında yaranan narahatlıq" kimi qiymətləndirib.

"Təbriz həbsxanası kimi həssas məkanda meydana gələn yanğın və tüstünün məhkumlar və nizam-intizam qüvvələr arasında narahatlığa səbəb olacağı aydındır. Buna görə də mövcud təhlükəsizlik qüvvələri vəziyyəti nəzarətdə saxlamağa hazırlaşdılar", - o bildirib.