Psixoloqkonsultant: "Qorxmağı dayandırın və özünüzü, yaxınlarınızı sakitləşdirin"


Digərləri 27 Mar 2020 14:10:00 151 0

Psixoloqkonsultant: "Qorxmağı dayandırın və özünüzü, yaxınlarınızı sakitləşdirin"

Azərbaycanda koronavirusla bağlı vəziyyətə nəzarət edilir, ölkəmizdə ona qarşı mübarizə aparmaq üçün kifayət qədər xəstəxana, həkim və avadanlıq var. Ona görə də insanların təlaşa düşməsinə lüzum yoxdur.

Son.az xəbər verir ki, bunu Trend-ə psixoloq-konsultant Mehriban Məmmədkərimova deyib.

Onun sözlərinə görə, buna baxmayaraq, insanlar ehtiyat tədbirlərinə riayət etməlidirlər.

Koronavirusun o qədər də təhlükəli olmadığını, ona əsasən, immuniteti zəif, xroniki xəstəliyi olan insanların, yaşlıların yoluxduğunu xüsusi vurğulayan psixoloq-konsultant yalnız bəzi xəstələrdə fəsadlaşma hallarının müşahidə edildiyini, insanların çoxunun koronavirusdan sağaldığını söyləyib:

"Ancaq bəzi insanlar özlərini o qədər qorxudurlar ki, hətta nəfəs almağa belə risk etmirlər. Nəzərə alın ki, bütün qorxularınız gələcəkdə sizin, eləcə də övladlarınızın sağlamlığında müəyyən fəsadlar yarada bilər. Qorxmağı dayandırın və özünüzü, yaxınlarınızı sakitləşdirin. Tezliklə bu sınaqlar arxada qalacaq! Əgər biz vəziyyəti dəyişə bilmiriksə, onda hadisələrə olan münasibətimizi dəyişməliyik. Epidemiyaya görə yaranmış çətin vəziyyət hər kəsi məyus edir. Lakin biz pozitivə köklənməliyik".

M.Məmmədkərimova hesab edir ki, karantin tədbirləri insanların maddi vəziyyətini pisləşdirsə də, onun müsbət tərəfləri də var. İnsanlar indi doyunca yatmaq, istirahət etmək, doğmaları ilə vaxt keçirmək, uşaqları ilə oynamaq, kitab oxumaq, maraqlı filmlərə baxmaq və s. üçün kifayət qədər vaxt qazanıb.