Moskvada ərzaq dükanları və apteklərdən başqa, bütün mağazalar müvəqqəti bağlanacaq


Dünya 26 Mar 2020 15:21:37 129 0

Moskvada ərzaq dükanları və apteklərdən başqa, bütün mağazalar müvəqqəti bağlanacaq

Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə Moskvada ərzaq dükanları və apteklərdən başqa, bütün mağazalar müvəqqəti bağlanacaq.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Moskva meri Sergey Sobyanin qərar imzalayıb.  

"28 mart - 5 aprel tarixlərində ərzaq və digər əsas ehtiyacları qarşılayan aptek və dükanlar istisna olmaqla, bütün pərakəndə ticarət obyektləri müvəqqəti olaraq bağlanacaq", - deyə qərarda qeyd olunub.

Merin imzaladığı qərara əsasən, paytaxtdakı bütün restoran, kafe və barlar və digər iaşə xidmətləri də bu müddətdə müştərilərə xidmət göstərməyəcək. Lakin qadağa bu obyektlərin müştəri qəbul etmədən çatdırılma xidmətlərinə aid edilmir.

Tibbi və reabilitasiya xidmətləri, yaşlılara və ehtiyacı olan digər insanlara qayğı mərkəzləri, digər sosial xidmətlər, nəqliyyat xidmətləri, bank və sığorta xidmətləri, mənzil və rabitə xidmətləri, cənazə xidmətləri - bunların hamısı fəaliyyətini davam etdirəcək. Həmçinin uzaqdan iş fəaliyyəti tələb edən və ya çatdırılma xidmətlərində heç bir məhdudiyyət yoxdur.

Qərarda paytaxtdakı böyük parkların bağlanması da öz əksini tapıb.