LG G9 ThinQ smartfonu Snapdragon 865 prosessoruna sahib olmaya bilər


Digərləri 26 Mar 2020 08:35:00 166 0

LG G9 ThinQ smartfonu Snapdragon 865 prosessoruna sahib olmaya bilər

Keçən ay LG şirkəti Snapdragon 865 prosessoru ilə təchiz olunan V60 ThinQ 5G flaqman smartfon modelini təqdim etmişdi. Güman olunurdu ki, şirkətin növbəti flaqman smartfonu olacaq LG G9 ThinQ də həmin prosessora sahib olacaq. Lakin G9 ThinQ modelinin güman olunan təqdimatına az müddət qalmış insayderlər xəbər veriblər ki, LG şirkəti sözügedən smartfonda daha aşağı səviyyəli prosessor modelinin istifadəsinə qərar verib. Bu barədə Wccftech.com saytı xəbər verib.

İnsayderlərin verdikləri məlumatlara əsasən LG G9 ThinQ smartfonu Snapdragon 765G prosessoru ilə təchiz olunacaq. Çox güman ki, şirkətin bu cür qərarının əsas səbəbi smartfonun satış qiymətini aşağı salmaq istəməsədir. Bundan əlavə olaraq Snapdragon 865-dən imtina edilməsinə baxmayaraq smartfon Snapdragon X52 modemi sayəsində 5G şəbəkə dəstəyini özündə qoruyub saxlayacaq. Qeyd etmək lazımdır ki, LG G9 ThinQ smartfonunun təqdimat tarixi barəsində hələ heç bir məlumat yoxdur.