Tailandın aviasiya şirkətləri beynəlxalq uçuşlarını dayandırır


Dünya 25 Mar 2020 22:10:00 151 0

Tailandın aviasiya şirkətləri beynəlxalq uçuşlarını dayandırır

Tailandın ən böyük aviasiya şirkəti olan "Thai Airways İnternational" (THAI) yeni növ koronavirusun (COVID-19) ölkədə yayılmasını azaltmaq məqsədilə bir çox beynəlxalq uçuşlarını dayandırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, martın 25-dən etibarən Çin, Yaponiya, Cənubi Koreya, Vyetnam, Kamboca, Laos, Myanma, İndoneziya, Pakistan, Nepal, Banqladeş və Şri-Lankaya bütün uçuşlar qeyri-müəyyən vaxtadək təxirə salınıb. "Thai Airways İnternational" martın 27-dən Avstraliyaya, aprelin 1-dən isə Avropaya bütün uçuşları dayandıracaq.

Şirkət bundan əvvəl Yaponiya, Cənubi Koreya, Filippin, Malayziya, İtaliya, Avstriya, Hindistan, Oman, BƏƏ və Yeni Zelandiyadakı bir neçə təyinat nöqtəsinə uçuşları ləğv etmişdi. Şirkətin qeyd olunan reyslərinə martın 25-dək bilet alan sərnişinlər biletlərini bir il müddətinə qüvvədə olacaq səyahət vauçerinə dəyişdirə bilərlər. Xaricə karqo uçuşlarının cədvəlində dəyişiklik yoxdur. Bundan başqa, hökumət qurumlarının istəyi və xaricdə qalan Tailand vətəndaşlarının ölkəyə gətirilməsi ehtiyacı olarsa, çarter uçuşlar həyata keçiriləcək.

Şirkətin törəmə müəssisəsi olan "THAI Smile" daxili uçuşları həyata keçirəcək. Tailandın digər aviasiya şirkətləri "Thai AirAsia", "Bangkok Airways" və "Thai Lion Air" pandemiyanın təsiri ilə azalan sərnişin tələbatı səbəbindən martın 23-dən bütün beynəlxalq uçuşları dayandırıblar.