"Tibbi xidmətlərin göstərilməsi haqqında Müqavilə"nin Nümunəvi forması" təsdiqlənib


Digərləri 25 Mar 2020 19:59:00 113 0

"Tibbi xidmətlərin göstərilməsi haqqında Müqavilə"nin Nümunəvi forması" təsdiqlənib

Nazirlər Kabineti "Tibbi xidmətlərin göstərilməsi haqqında Müqavilə"nin Nümunəvi forması"nın təsdiq edib.

Son.az Trend-ə istinadən bildirir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Müqavilə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi məqsədilə tibb müəssisəsi ilə İcbari tibbi sığorta üzrə dövlət agentliyi arasında münasibətləri tənzimləyir.

Müqaviləyə əsasən, tibb müəssisəsi Qanunun və Müqavilənin şərtlərinə uyğun olaraq sığortaolunanlara xidmətlər zərfinə daxil olan tibbi xidmətlər göstərməyi, Agentlik isə Qanunla müəyyən olunmuş qaydada sığorta ödənişini həyata keçirməyi öz öhdəsinə götürür.

Agentliyin hüquqları aşağıdakılardır:

- Müqavilənin sığortaolunanlara xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin (bundan sonra - tibbi xidmətlər) göstərilməsi şərtlərinə riayət edilməsinə nəzarət etmək məqsədilə tibb müəssisəsində göstərilən tibbi xidmətlərin növü, həcmi, müddəti, keyfiyyəti və şərtləri barədə məlumatları almaq, o cümlədən "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortaolunanlarla bağlı həkim sirri təşkil edən məlumatların qorunmasını tələb etmək;

- Qanunda və Müqavilədə nəzərdə tutulmuş qaydada vəzifələrin tibb müəssisəsi tərəfindən yerinə yetirilmədiyi və ya qismən yerinə yetirildiyi təqdirdə, göstərilmiş tibbi xidmətlərin dəyərini ödəməmək, qismən ödəmək və ya tibb müəssisəsindən ödənilmiş vəsaitlərin geri qaytarılmasını tələb etmək;

- tibb müəssisəsinin təqsiri üzündən sığortaolunana vurulmuş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək;

- Qanunda nəzərdə tutulmuş qaydada və müddətdə tibb müəssisəsində göstərilən tibbi xidmətlər barədə hesabatı tələb etmək.

Agentliyin vəzifələri aşağıdakılardır:

- tibbi xidmətlərə görə tibb müəssisəsinə Müqavilədə nəzərdə tutulmuş qaydada və müddətlərdə sığorta ödənişini həyata keçirmək;

- sığortaolunanların səhhətinə dair məlumatların, həmçinin həkim sirri təşkil edən məlumatların mühafizəsini və məxfiliyini təmin etmək;

- sığortaolunanların icbari tibbi sığorta ilə bağlı hüquq və mənafelərini qorumaq;

- tibbi xidmətin həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarət etmək.

Tibb müəssisəsinin aşağıdakı hüquqları vardır:

- göstərilmiş tibbi xidmətə görə Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə sığorta ödənişini Agentlikdən tələb etmək;

- Agentliyin Qanunda nəzərdə tutulmuş qaydada apardığı ekspertizanın nəticələrini mübahisələndirmək;

- kütləvi informasiya vasitələrinə qanunvericiliklə qadağan olunmayan məlumatları təqdim etmək.

Tibb müəssisəsinin aşağıdakı vəzifələri vardır:

- Qanunun və Müqavilənin şərtlərinə uyğun olaraq sığortaolunanlara tibbi xidmətlər göstərmək;

- bu Müqavilənin şərtlərinə uyğun olaraq göstərilən tibbi xidmətin növünə, həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə təminat vermək;

- sığortaolunanlara göstərilən tibbi xidmətlərin uçotunu aparmaq;

- sığortaolunanlara göstərilmiş tibbi xidmətin növünə, həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarətin həyata keçirilməsi məqsədilə sığortaolunanlar, onlara göstərilən tibbi xidmətlərin növü, həcmi, müddəti, keyfiyyəti və şərtləri barədə məlumatları, o cümlədən "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortaolunanlarla bağlı həkim sirri təşkil edən məlumatları Agentliyə vermək;

- sığortaolunanlara göstərilən tibbi xidmətlər barədə hesabatları Qanunda nəzərdə tutulmuş qaydada və müddətdə Agentliyə təqdim etmək;

- ixtisaslaşdırılmış tibbi yardım xidmətinin göstərilməsi mümkün olmadıqda, təcili və təxirəsalınmaz hallarda sığortaolunanı bu xidməti göstərən digər tibb müəssisəsinə göndərmək;

- həyata keçirilmiş sığorta əməliyyatlarına dair sənədləri, habelə belə əməliyyatlar üzrə elektron daşıyıcılarda olan məlumatları müvafiq hüquq münasibətlərinə xitam verildikdən sonra ən azı 5 (beş) il müddətində saxlamaq.

Qərarda qeyd olunub ki, tibb müəssisəsi tərəfindən göstərilən tibbi xidmətlərə görə sığorta ödənişləri Qanunun tələblərinə uyğun olaraq həyata keçirilir.

Xidmətlər zərfində nəzərdə tutulmuş ilkin səhiyyə xidməti üzrə sığorta ödənişi Qanunun 15-15.2-ci maddəsinə əsasən ilkin səhiyyə xidməti göstərən tibb müəssisəsinə təhkim olunmuş şəxslərin sayına uyğun ödənilir.

Təcili və təxirəsalınmaz tibbi xidmət göstərən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə sığorta ödənişinin verilməsi qaydası Müqaviləyə əlavələr edilmək yolu ilə Tərəflər arasında razılaşdırılır. Şəxsə təcili və təxirəsalınmaz hallarda tibb müəssisəsi tərəfindən göstərilən tibbi yardım "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən həyata keçirilir.