Hindistanda 21 günlük xüsusi karantin rejimi elan olunub


Dünya 25 Mar 2020 18:54:00 147 0

Hindistanda 21 günlük xüsusi karantin rejimi elan olunub

Hindistanda yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkə səviyyəsində 21 günlük xüsusi karantin rejimi elan olunub.

Son.az Trend-ə istinadən bildirir ki, ölkədə COVID-19 infeksiyasına yoluxma hallarının çoxalması hökuməti belə addım atmağa vadar edib. Hökumət vətəndaşlara ciddi səbəb olmadığı halda küçəyə çıxmamağı tövsiyə edib. Baş Nazir Narendra Modi televiziya ilə xalqa müraciətində karantin rejiminin koronavirusun yayılmasının qarşısının alınması istiqamətində çox vacib olduğunu deyib.

"Hindistanı, onun vətəndaşlarını, sizi, ailələrinizi qorumaq üçün hər bir küçə, hər bir məhəllə bağlı saxlanılacaq", - deyən Baş Nazir, xalqı çaxnaşmaya düşməməyə çağırıb və əsas tədarüklərin mərkəzi hökumət tərəfindən təmin ediləcəyini deyib.

Xüsusi karantin rejimi ilə əlaqədar ölkədə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub, hava nəqliyyatı isə tamamilə dayandırılıb. Hindistan daha əvvəl beynəlxalq uçuşları məhdudlaşdırmışdı.

Hindistan hökuməti martın 14-də COVID-19-u ölkə səviyyəsində fəlakət elan edib. İndiyədək Hindistanda 562 nəfər virusa yoluxub, 10 nəfər isə bu virus səbəbindən ölüb. Hökumət virus səbəbindən ölənlərin ailələrinə təxminən 5200 ABŞ dolları kompensasiya veriləcəyini açıqlayıb.