Anar Bağırov: “Yüksəliş” həm də dövlətinə təmənnasız sevgi göstərən idarəçiləri müəyyən edəcək


Digərləri 25 Mar 2020 16:36:00 170 0

Anar Bağırov: “Yüksəliş” həm də dövlətinə təmənnasız sevgi göstərən idarəçiləri müəyyən edəcək

Azərbaycanda bacarıqlı idarəedici kadrların müəyyən edilməsi və ehtiyat kadr bazasının yaradılmasının təminatına yönəlmiş "Yüksəliş" müsabiqəsi yüksək idarəçilik qabiliyyətinə malik iştirakçıların seçimi mərhələsindədir. Bu seçimlərdə ölkənin müxtəlif sahələrinin nüfuzlu mütəxəssisləri də yaxından iştirak edir. Bildiyiniz kimi, "Yüksəliş" müsabiqəsində Azərbaycanda fəaliyyət göstərən tanınmış şəxslərdən ibarət idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) toplanıb. Vəkillər Kollegiyasının sədri Anar Bağırov da peşəkar heyətin üzvlərindən biridir.

Sədr uğurlu idarəçiliyin əsas keyfiyyətləri, peşə bacarıqlarıın təkmilləşdirilməsi ilə bağlı Trend-in suallarını cavablandırıb.

-Uğurlu idarəçiliyin əsas xüsusiyyətləri hansılardır?

-Əziz gənclərə səslənirəm. Uğurlu idarəçi olmağınızı müəyyən etmək üçün özünüzə bu sualı verməlisiniz: "Görəsən, mən özümü daxilən idarəçi hiss edirəmmi?!"

Əgər bu suala refleksiv olaraq veriləcək cavabınız "hə"dirsə, o zaman keçəyin növbəti mərhələyə. Əziz dostlar, uğurlu və effektiv idarəçi olmağın yolu 2 əsas keyfiyyət toplusundan keçir.

Birinciyə idarəçinin bilavasitə şəxsiyyəti ilə bağlı olan keyfiyyətlər daxildir. İkinciyə isə sonradan qazanılan keyfiyyətlər aiddir. Unutmayın, birinci, yəni ilkin keyfiyyətlərin olmaması sonradan qazanılan keyfiyyətləri istisna edir.

Beləliklə, idarəçinin şəxsiyyəti ilə bağlı ən əsas keyfiyyətlər ilk əvvəl onun təvazökar, dürüst, yəni heç bir halda hiyləyə əl atmayan, daha sonra, fikirlərində səmimi və bu səmimiyyəti publikaya transfer edə bilən, qorxmaz, əmin olduğu məqamlarda qərar qəbul etməkdə qətiyyətli və ətrafındakılara güvənə bilən insan olmasıdır. Xalq dili ilə desək, sözü ilə əməli üst-üstə düşməlidir.

İkinci, yəni sonradan təcrübə ilə qazanılan keyfiyyətlərə isə əməkdaşlarını motivasiya etmək, mükəmməl kommunikasiya, rəvan ünsiyyət qurmaq, şəxsi nümunə, ideyalarını bölüşə bilmək və kritik fikirləri qəbul etmək, istənilən ağır işin altına öz çiynini qoya bilmək bacarıqları daxildir. Sadə dildə desək, sinəsini qabağa verib işdən qorxmamaq, kiçiklə kiçik, böyüklə böyük olmağı bacarmaqdır.

-İdarəçi olmaq istəyən şəxslərə hansı tövsiyələri verərdiniz (kitablar və ya vərdişlər)?

-Zaman durmadan irəli gedir və idarəçi titulunu qazanmaq nə qədər çətin olsa da, onu qoruyub lazımi keyfiyyətdə saxlamaq, şübhəsiz, daha çətindir. Bununla belə, bunu təmin etmək müəyyən üsullarla mümkündür.