“Azərişıq” əhaliyə müraciət etdi:


Digərləri 25 Mar 2020 15:36:00 141 0

“Azərişıq” əhaliyə müraciət etdi:

Son günlər sosial şəbəkələrdə və Bakı şəhəri Nizami və Yasamal rayonları ərazilərində - "Abonentlərin nəzərinə xəbərdarlıq" - İstifadə olunan elektrik enerjisinin borcuna görə 23.03.2020 tarixdə saat 10.00-dan etibarən borclu abonentlərin elektrik enerji verilişi xəbərdarlıq edilmədən dayandırılacaq" - ünvanı məlum olmayan elanlara rast gəlinir. Yayılan elanların "Azərişıq" ASC-yə heç bir aidiyyəti yoxdur, həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaradır.

Bu barədə Son.az-a ASC-dən verilən məlumatda bildirilir.

Qeyd edilir ki, "Azərişıq" ASC tərəfindən aparılan yenidənqurma, təmir-tikinti, elanlar və s. işlər cəmiyyətin Mətbuat Xidməti vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılır və hazırda vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir.