Bakıda 8 min abonentin qaz təchizatı yaxşılaşdırılır


Digərləri 25 Mar 2020 14:30:00 149 0

Bakıda 8 min abonentin qaz təchizatı yaxşılaşdırılır

Bakının Xətai rayonunda M.Mehdizadə küçəsi ilə N.Rəfiyev küçələrinin kəsişməsindən başlayaraq Y.Səfərov küçəsinə qədər olan ərazidəki qaz xətti dəyişdirilir.

"Azəriqaz" İstehsalat Birliyindən Son.az-a bildirilib ki, 2003-cü ildə istifadəyə verilən polad kəmər 159 mm diametrindədir və yenilənən hissəsi 1000 metr təşkil edir. Uzun müddət istifadə edildiyindən istismara yararsız hala düşən qaz xəttində tez-tez qaz sızmaları aşkarlanıb. Bu isə hər dəfə təmir aparılarkən sakinlər üçün çətinliklər yaradıb, eləcə də vaxtaşırı qaz təchizatında fasilələrə gətirib çıxarıb. Fasilələr yaranarkən əsasən Xətai rayonunun M.Mehdizadə, İ.Orucov, A.İsmayılov, F.Bayramov, S.Senyuşkin, Y.Səfərov, N.Rəfiyev küçələri və Xocalı prospektinin sakinləri qaz qəbulunda çətinliklərlə üzləşiblər. Ərazidə yeni çoxmərtəbəli binaların inşası, bir sıra iaşə müəssisələrinin istifadəyə verilməsi də mövcud kəmərin daha böyük diametrli kəmərlə əvəzlənməsinə zərurət yaradıb. Bundan başqa sözü gedən kəmərdən Ali Məhkəmənin qazanxanası da istifadə edir.

"Azəriqaz" İstehsalat Birliyi sadalananları nəzərə alaraq sözügedən qaz kəmərinin 200 mm diametrində olan polietilen kəmərlə dəyişdirilməsini məqsədəuyğun sayıb. Hal-hazırda ərazidə təmir-tikinti işləri aparılır və yaxın 20 gün ərzində bu proses tamamlanacaq. Bundan sonra Xətai rayonunun adları qeyd edilən küçələrində 8 min abonentin qaz təminatı xeyli yaxşılaşacaq.

Onu da qeyd edək ki, xidmət sahəsi olaraq "Azəriqaz" İstehsalat Birliyi bayram günlərində də iş başındadır. Lakin bu kimi təxirəsalınmaz təmir-tikinti prosesinə ehtiyac yaransa belə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin koronavirus təhlükəsi barədə xəbərdarlıqları, tövsiyyələri əsas götürülür. İşlərin icrası kütləvi işçi qüvvəsi ilə deyil, növbəli rejimdə həyata keçirilir.