Koronavirus bu ölkədə xaosa səbəb oldu


Dünya 25 Mar 2020 12:54:00 142 0

Koronavirus bu ölkədə xaosa səbəb oldu

Niderlandda yeni tip koronavirus (Covid-19) İtaliyada olduğu kimi sürətlə yayılır, artıq virusa yoluxan orta yaşlı insanlar arasında da ölənlər var.

Son.az-ın APA-ya istinadən məlumatına görə, "Moskovskiy Komsomolets" qəzetinin bu ölkədəki müxbiri Anna Fitisova yazıb ki, bütün bunlara baxmayaraq hələ də hökumət ciddi karantin tədbirləri görmək, məktəbləri və mağazaları tamamilə bağlayıb-bağlamamaq barədə müzakirələr aparır.

Mağazalarda qıtlığa toxunan, hətta pişik yeməkləri belə tapmağın mümkün olmadığına diqqət çəkən müəllif özünün də əlil kimi risk qrupuna daxil olduğunu, lakin hər hansı güzəşt hüququna malik olmadığını vurğulayır. Sadəcə, bu insanlara evlərdə qalmaq tövsiyə edilib. Son iki gündə əsəbdən boğazının ağrıması, temperaturunun qalxmasına baxmayaraq, müraciət etsə də, hələ həkim gəlməyib. Ailənin ayrı yaşayan böyük qızı da aptekdən başqa heç yerə getmir.

Qeyd edək ki, bir neçə gün əvvəl Niderlana Baş Naziri Britaniya təcrübəsini təkrarlamağı, cəmiyyətdə virusa qarşı immunitet yaranmasını gözləməyi təklif edib. Lakin həkimlər Baş Nazirin planını bəyənməyiblər və ölkədə koronavirusa qarşı immunitet yaranması üçün bir neçə onilliyin lazım gəldiyini bildiriblər. Əsas təhlükə ilə yaşlılar üzləşib. Qocalar evlərində yaşayan pensionerlərin hər gün bir neçəsi vəfat edir və onlar dəfn olunurlar. Müxbir hesab edir ki, qocalar evlərindəki koronavirusa yoluxmaların daha çox olmasının səbəbi öncəki dövrdə qocalar evlərində yüksək ixtisaslı həkimlərin çatışmaması ilə bağlı olub.

Məqalədə son dövrlər iflasa uğrayan iki özəl xəstəxananın bağlandığını, bu gün isə hökumətin bir neçə mehmanxananı xəstəxanaya çevirməyə çalışdığı nəzərə çatdırılıb. Ailə həkimləri isə xəstələri xüsusi geyimlərdə və maskalarda qəbul edirlər. Bəzi həkimlər artıq qəbulları da ləğv edib. Skayp üzərindən məsləhət verən həkimlər də var. Ölkədə bu kritik dövrdə könüllülər də yoxdur, heç kim heç kimə kömək etmir. Müxbiry azır ki, hollandlara ödəniş etməsən, yerlərindən tərpənmir. Hətta yalnız yaşayan bir əlil istənilən şəxsə karantin dövründə onunla birlikdə mənzildə qalmaq üçün 3 min avro ödəməyə hazır olduğu barədə qəzetə elan verib. Ölkədə tibbi maska da tapılmır. Maska satışı ilə məşğul olduğunu elan edən bir çox saytlar dələduzluqla məşğuldur. Müxbir yazır ki, həyat yoldaşı maska almağa cəhd edib, 300 avro qarşılığında bir həftə ərzində maska çatdırılacağı vəd olunsa da, hələ də maskadan bir xəbər yoxdur.