Şəbnəm Həsənova: Koronavirusa qarşı Mübarizəyə Dəstək Fondunu yaratmaqla Azərbaycan birincilik göstərdi


Siyasət 25 Mar 2020 11:48:00 192 0

Şəbnəm Həsənova: Koronavirusa qarşı Mübarizəyə Dəstək Fondunu yaratmaqla Azərbaycan birincilik göstərdi

Əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondunu yaratmaqla Azərbaycan birincilik göstərdi. Fondun ilk dəfə ölkəmizdə yaradılması dünyanın digər ölkələrini də Azərbaycandan nümunə götürməyə sövq etdi.

Son.az bildirir ki, bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, bu fakt ondan xəbər verir ki, dövlətimizin hər sahədə həyata keçirdiyi yeni təşəbbüslər bütün dünyaya nümunədir.

"Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər sonra başqa ölkələr tərəfindən də əsas götürülərək eyni addımların atılmasına gətirib çıxarır. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir illik əməkhaqqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmələri sözün əsil mənasında vətəndaşlıq nümunəsidir. Qısa müddət ərzində Fondda 60 milyon manat yığılması xalqımızın nə qədər böyük və yüksək keyfiyyətlərə malik olduğunu göstərir. Rəsmi şəxslərin, iş adamlarının, ictimai fiqurların, müxtəlif müəssisə və təşkilatların, ayrı-ayrı şəxslərin bu çağırışa qoşulması, Fonda vəsait köçürmələri və belə çətin günlərdə həmrəy olmaları onu göstərir ki, ölkə başçımızın rəhbərliyi altında artıq Azərbaycanda yeni model formalaşır".

Ş.Həsənovanın fikrincə, bu məsələdə milli həmrəyliyi gücləndirmək əsas priorotet məsələdir:

"İndiyə qədər Azərbaycan xalq-iqtidar birliyinə söykənərək bir çox uğurlara imza atıbsa, bu həmrəyliyi bir daha nümayiş etdirib bu sınaqdan da üzüağ çıxmalıyıq. Həmrəylik, məsuliyyət, birlik bizim əsas şüarımız olmalıdır. Həmçinin vətəndaş fərd olaraq məsuliyyətli davransa, xüsusi karantin rejiminin qaydalarına əməl etsə, bu, həmrəyliyimizə ən gözəl töhfədir.

Azərbaycan dövlət olaraq bütün zəruri potensiala malikdirsə, biz xalq olaraq da bu sınaq günlərində həmrəylik nümayiş etdirməli və cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ətrafında daha sıx birləşib, bu mübarizədən qalib ayrılmalıyıq. Azərbaycan xalqı müdrik, çətinliyə sinə gərəcək qədər iradəli xalqdır".

Politoloq vurğulayıb ki, Azərbaycan xalqının adət-ənənələri, milli dəyərləri virusla mübarizədə kömək edəcək:

"Xalqımızın gözəl adət-ənənələrindən biri yaşlı nəsilə xüsusi ehtiramın göstərilməsidir. Düşünürəm ki, elə bu səbəbdən bu məsələdə də həssas davranıb, yaşlı nəsli qorumalıyıq. İstər dövlət idarəçiliyində, istərsə də cəmiyyətimizdə yaşlı nəsil bizim yol göstərənimiz, müdrik insanlarımızdır".

Son.az