Həsənağa Turabov şəxsiyyətini qoruyan kişi idi


Kriminal 24 Mar 2020 12:24:00 222 0

Həsənağa Turabov şəxsiyyətini qoruyan kişi idi

Bu gün, 24 mart tarixi Azərbaycanın görkəmli aktyoru, mərhum xalq artisti Həsənağa Turabovun doğum  günüdür.

Son.az Modern.az-a istinadən bildirir ki, Həsənağa Turabov 1938-ci il martın 24-də Bakı şəhərində anadan olub. 31 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilib, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulub.

H.Turabov 2003-cü ildə vəfat edib. O, "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

Həsənağa Turabov Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib. Səhnədə yaratdığı rollar arasında Vahid ("Kəndçi qızı"), Azər ("Yaxşı adam"), Hamlet ("Hamlet"), Lionel ("Orman qızı"), İsgəndər ("Ölülər") Xəyyam ("Xəyyam") xüsusilə seçilir.

Həsənağa Turabov bir sıra bədii filmlərdə, o cümlədən, televiziya filmlərində maraqlı və yaddaqalan surətlər yaradıb. "Yeddi oğul istərəm" filmindəki Gəray bəy obrazı onun ən yaddaqalan rollarındandır. Onun digər bir yaddaqalan rolu "Babək" filmində yaratdığı Afşin roludur. Həsən Turabovun "Axırıncı aşırım", "Çarvadarların izi ilə", "Ürək... Ürək...", "Sevinc buxtası", "Dantenin yubileyi", "Qəm pəncərəsi", "Bəyin oğurlanması" və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilir.  "Qanlı zəmi" filminin isə rejissoru olub. Onun son çəkildiyi filmlər isə Rüstəm İbrahimbəyovla Ramiz Həsənoğlunun "Ailə" və Eldar Quliyevin "Nə gözəldir bu dünya..." filmləri olub.

Həsən Turabovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyəti də səmərəli olub. O, zəngin təcrübəsinə əsaslanaraq, gənclərin bu nəcib, eyni zamanda mürəkkəb sənətin incəliklərinə yiyələnməsi və Azərbaycan teatrının ənənələrini davam etdirə biləcək sənətkarların yetişdirilməsi işində əlindən gələni edib.

Mərhum aktyor barədə onun tələbə yoldaşı və dostu olmuş kinorejissor, ssenarist Əbdül Mahmudov Modern.az-la xatirələrini bölüşüb. 

"Aktyor olmaq üçün gedib o institutda vaxt itirmək lazım deyil"

"Həsənağa Turabov Bakıda Zərgərpalan məhəlləsində doğulub, boya-başa çatıb və orta məktəbi də orada qurtarıb. Orta məktəbi qurtarandan sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə, böyük professor Mehdi Məmmədovun sinfinə daxil olub. Biz Turabovla o teatr mühitində çox yaxınlıq, dostluq etmişik. O məndən 5-6 yaş böyük idi. Onlar institutu qurtaran ili biz qəbul olunmuşuq. O dövr üçün bu teatr, kino mühiti çox dar çərçivədə olan bir məkan idi. İstər teatra, istərsə də instituta kim ayağını qapıdan içəri qoyurdusa, 5-10 gündən sonra hamı bir-biriylə qaynayıb qarışırdı. Çünki oranın qəribə ab-havası var idi. Biz də Həsənağa Turabovla o cür bir-birimizi tanıyırdıq.

Həsənağa Turabov tələbəlik illərində orta səviyyəli bir tələbə olub. O, özü də həmişə danışırdı. Deyirdi, "mən hiss edirdim ki, aktyor olmaq üçün heç gedib o institutda vaxt itirmək lazım deyil". Çünki Həsən Turabov orada oxuya-oxuya Akademik Milli Dram Teatrında ikinci, üçüncü dərəcəli rollar oynayırdı. Əsas vaxtını teatrdakı işinə sərf etdiyi üçün institutda göz qabağında olan tələbələrdən olmayıb. Bu adam artıq teatrın içində idi, o bilirdi teatr mühiti nədir, aktyor sənəti nədir. Çünki o vaxt teatrda çalışan Mövsüm Sənani, Ələsgər Ələkbərov, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı, Ağaddaş Qurbanov, Hökümə Qurbanova, Leyla Bədirbəyli canlı məktəb idilər. İnsititut heç kəsə istedad vermir, böyük artist etmir, sadəcə savad, diplom verir və imkan yaradır. Sonra hər şey insanın özündən asılıdır.

Bizim rejissor sənətində klassik romantik teatr məktəbi Adil İsgəndərovla başlamışdı. Sonra ikinci mərhələdə həmin bu teatrın müasir realistik teatr məktəbi Tofiq Kazımovla başlamışdı və Həsənağa Turabov da Tofiq Kazımovun ən istəkli aktyorlarından idi. O, bütün repertuarını demək olar ki, Həsənağa Turabovun üstündə qururdu. Realistik teatrımızda realistik aktyor məktəbinin banilərindən biri və birincisi Həsənağa Turabov idi. Hətta klassik əsərlərdə də onun üçün o pafos yad idi. Turabov heç vaxt təbiilikdən, realistik oyun məktəbindən kənara çıxmırdı. Və böyük Tofiq Kazımovun müəllimliyi altında Həsənağa Turabovun gətirdiyi realistik aktyor məktəbinin sonradan davamçıları yetişdi. Bu gün də bir neçə aktyor məktəbi, realistik ifa məktəbi yetişdi ki, onun da başında bütün məsuliyyətimlə deyirəm ki, Həsənağa Turabov dururdu".