Aktyor Fikrət Məmmədov: “Bunu demək çox çətindir, gecəni kompüter klubunda keçirmişəm”


Digərləri 24 Mar 2020 11:48:00 231 0

Aktyor Fikrət Məmmədov: “Bunu demək çox çətindir, gecəni kompüter klubunda keçirmişəm”

İllərini incəsənətə, kinoya həsr edən, çəkildiyi filmlər bu gün tarixə çevrilən qəhrəmanımız. Təəssüf ki, bəzən dəyərli yaradıcı şəxsiyyətləri sevdikləri peşələrindən, hətta həyatdan küsdürəcək addımlar atılır. Onlar çətin vəziyyətlərlə qarşılaşırlarsa, bunda aidiyyəti qurumlarla yanaşı, insanların münasibətinin də rolu var.

Bir çox filmlərdə fərqli obrazlarla evlərimizin qonağı olan yaradıcı şəxslərdən biri də aktyor Fikrət Məmmədovdur. Dəyərli incəsənət nümayəndələrimizdən biri olan F.Məmmədov evi olmadığı üçün çətin şəraitdə yaşayır. 

Son.az bildirir ki, oxu.az-ın əməkdaşı "Fəryad" filmində canlandırdığı Aşot obrazı ilə də yaddaşlarda silinməz izlər qoyan aktyor F.Məmmədovla əlaqə saxlayıb, yaşadığı problemləri ilə əlaqədar onunla söhbət edib.

"Bunu dilə gətirmək mənim üçün çox çətindir, amma yaşamağa evim yoxdur"

- Çoxdandır gözlərdən uzaqsınız.

- Təəssüf ki, elədir. Teatr bağlandığı üçün işlərimiz azalıb. Ölkədə koronavirus epidemiyası ilə bağlı vəziyyət isə hər şeyi daha da çətinləşdirib.

- Son olaraq "Ol" teatrında çalışırdınız, elə deyilmi?

- Uzun illər sənətdən uzaq düşmüşdüm. Amma 2 il bundan əvvəl "Ol" teatrının yaradıldığını eşitdim. Tələbələrimlə birgə teatrda işləməyə başladım. Çox zəhmət çəkdik. Yeni fəaliyyətə başlayanda teatra mütləq dəstək lazımdır. Təəssüf ki, bu dəstəyi teatra göstərən olmadı. 

- Sonra nə üçün işsiz qaldınız?

- İnanın, bunu demək mənim üçün çox çətindir. Amma bu yaşdan sonra belə bir vəziyyətlə qarşılaşmaq məni həyatdan küsdürür. 2 il fəaliyyət göstərdikdən sonra teatr bağlandı. Artıq 6 aya yaxındır teatrla əlaqəm yoxdur.

- Hazırda hansı fəaliyyətlə məşğulsunuz, harada yaşayırsınız?

- Son vəziyyətlə bağlı bir çox sahələrdə iş dayandırılıb. Tədbirlər, bayram proqramları, eləcə də serial və kinoların çəkilişi dayandırılıb. Mən incəsənət adamıyam, başqa gəlir yerim yoxdur. Aldığım məvaciblə kirayədə qala bilirdim. Amma artıq o da yoxdur. 1 aya yaxındır ki, qalacaq yerim yoxdur. Ötən gecəni paytaxtda fəaliyyət göstərən kompüter klublarından birində keçirmişəm.