COVİD19: Fransada karantin tədbirləri sərtləşdiriləcəkmi?


Dünya 23 Mar 2020 17:59:00 200 0

COVİD19: Fransada karantin tədbirləri sərtləşdiriləcəkmi?

Fransada koronavirus epidemiyası ilə mübarizə istiqamətində görülən tədbirlər konsensus tapmır. Bir qrup həkimin çağırışına cavab olaraq, hökumət koronavirus epidemiyasına qarşı tədbirləri sərtləşdirmək və karantin müddətini uzatmaq istəsə də, dövlət şurası bununla razılaşmır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Fransada martın 22-də COVİD-19 virusundan 112 yeni ölüm halı qeydə alınmaqla, həyatını itirənlərin ümumi sayı 674 nəfərə çatıb. Ölkədə bir əməkdaşlarını itirməkdən stressdə olan həkimlər karantin müddətinin uzadılmasını tələb ediblər.

Dövlət Şurası "tam karantin" senarisini rədd etsə də, hökumət mövcud karantin rejimini uzatmaq seçimini edib və COVİD-19 epidemiyası ilə bağlı yaradılmış elmi şuraya üz tutub. Elmi şuranın müvafiq rəyindən sonra, mövcud karantin rejiminin uzadılacağı mümkünlüyü vurğulanıb.

Bu gün yerli vaxtla səhər saat 10:00-da Prezident Emmanüel Makron audio-konfrans vasitəsilə ölkənin hakim dairələri, eləcə də dini xadimləri, masonlar (francs-maçons) və dünyəvi assosiasiyaların nümayəndələri ilə fikir mübadiləsi aparıb.

Fransada martın 22-dək koronavirusa yoluxanların sayı 16 mini ötüb. Xəstəxanalardakı 7240 koronavirus daşıyıcısından 2200 nəfəri reanimasiya şöbəsinə yerləşdirilib. Onların 35 faizi 65 yaşdan aşağı olanlardır. Ölkə xəstəxanalarında yer çatışmadığına görə xəstələr Lüksemburq, Almaniya və İsveçrəyə aparılıb.