İran ötən ili çox ağır şərtlərlə başa vurub


Dünya 20 Mar 2020 20:04:00 137 0

İran ötən ili çox ağır şərtlərlə başa vurub

Bu günə olan məlumata görə, İranda koronavirusdan ölənlərin sayı 1 433 olduğu halda, yoluxanların sayı 20 mini ötüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İranın Səhiyyə nazirinin müşaviri Əlirza Vahabzadə məlumat verib.

Ölkəsinə Türkmənistan, Çin və Türkiyədən tibbi ləvazimatlardan ibarət yardımın göstərildiyini deyən nazir müşaviri, Yaponiyanın İrana 23 milyon dollar həcmində dövlət krediti vermək niyyətində olduğunu bəyan edib.

Bu arada, İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi Novruz bayramı (Yeni il) münasibətilə xalqa müraciət edib. Müraciətdə bildirilib ki, ötən ili İran çox ağır şərtlərlə başa vurub. Onun sözlərinə görə, ilin əvvəlində sel fəlakəti, sonra zəlzələ İran xalqının həyatına böyük zərər gətirib. Koronavirusun yayılması isə xalqı daha ağır və məşəqqətli günlərə sövq edib. Lakin İran xalqı tarixboyu bütün çətinliklərin öhdəsindən gəldiyi kimi bu ağır günlərin də öhdəsindən gələcək.

Ali Rəhbər ABŞ-ın sanksiyaları ucbatından ölkə iqtisadiyyatında ağır problemlərin meydana çıxdığını vurğulayıb və qarşıdakı ili "İstehsalda artım" ili elan edib.

Prezident Həsən Ruhani də bayram münasibətilə xalqa müraciət edib. Qeyd olunub ki, bütün çətinliklərə baxmayaraq, İran öz yolunu davam etdirir və heç kimin qarşısında başını aşağı əymir. Onun sözlərinə görə, sanksiyalara baxmayaraq, iqtisadi sahədə bir çox böyük layihələr həyata keçirilib ki, bunların da faydasını xalq yaxın gələcəkdə görəcək. H.Ruhani Novruz bayramını qeyd edən Azərbaycan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Özbəkistan və Qırğızıstan respublikalarını da təbrik edib.