Azərbaycan XİN koronavirusla bağlı xarici ölkələrdəki vəziyyətə dair məlumatlar toplayır


Digərləri 20 Mar 2020 14:00:00 154 0

Azərbaycan XİN koronavirusla bağlı xarici ölkələrdəki vəziyyətə dair məlumatlar toplayır

Koronavirus pandemiyasının yayılması ilə bağlı bütün ölkələrdə, o cümlədən Azərbaycanda ən ciddi və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bu gün hökumət tərəfindən görülən tədbirlər birbaşa Prezident İlham Əliyevin nəzarətindədir.

Son.az Trend-ə istinadən bildirir ki, bu sözləri jurnalistlərə müsahibəsində Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva deyib. O qeyd edib ki, hər bir dövlət qurumu üzərinə düşən öhdəliyin yerinə yetirilməsi üçün tədbirlər görür. Xarici İşlər Nazirliyi və ölkəmizdən kənarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərimiz bu sahədə ciddi fəaliyyət göstərir.

Artıq Xarici İşlər Nazirliyinin "qaynar xətt"inin fəaliyyət göstərdiyini deyən L.Abdullayeva qeyd edib ki, 596 94 41, 596 94 42, 596 94 43, 596 94 44, 596 94 45, 596 94 46 nömrələri nazirliyin 24 saat fəaliyyət göstərən "qaynar xətt" nömrələridir. Saat 09:00-dan saat 21:00-dən Xarici İşlər Nazirliyinin struktur bölmələrinin əməkdaşları bu qərargahda növbəli şəkildə yuxarıda göstərilən nömrələrə gələn zəngləri cavablandırırlar. Saat 21:00-dan səhər saat 09:00-dək isə bu xətlər mobil nömrələrə keçirilir. Əməkdaşlar evdən sualları cavablandırırlar. Eyni zamanda, paralel olaraq Xarici İşlər Nazirliyinin elektron poçt ünvanı fəaliyyət göstərir ([email protected]).

Nazirlik rəsmisi bildirib ki, bu qərargahda yüzlərlə zəngə cavab verilir. Qərargaha ölkə daxilindən və xaricdən zənglər gəlir. Bütün müraciətlər toplanıb Nazirlər Kabineti yanında Operativ Qərargaha ötürülür. Bundan başqa, Xarici İşlər Nazirliyi mütəmadi olaraq xarici ölkələrdəki səfirlik və konsulluqlarla əlaqə saxlayır, həmin ölkədəki vəziyyət barədə məlumatlar toplanır.