Türk sənətçilər “evinizdə qalın” deyir,


Şou-biznes 17 Mar 2020 18:30:00 153 0

Türk sənətçilər “evinizdə qalın” deyir,

Dünyada koronavirus infeksiyasının (COVİD-19)  geniş yayıldığı bir dövrdə Türkiyənin məşhur müğənnisi Demet Akalın epidemiyanın qarşısını almaq üçün tətbiq edilən tədbirlərə dəstək verib.

Son.az "qafqazinfo" xəbər verir ki, pop ulduz "Evində qal, Türkiyə" kampaniyasına start verib. Akalın instaqram səhifəsində video paylaşaraq məcbur qalmadığımız halda evdən çölə çıxmamağı tövsiyə edib: "10 gün, 1 ay dişinizi sıxın, bayıra çıxmayın. Sizdə bu həvəs hardandır ki, bayıra çıxmaq istəyirsiz? Belə etməyin! Bu işin yaş sərhəddi də yoxdur. Gəzmək, çölə çıxmaq kimi istəklərinizə sərhəd qoyun. Evində qal, Türkiyə!"

Azərbaycandan da bəzi sənət nümayəndələri yoluxucu xəstəliyin yayılmasının qarşısını almaq üçün postlar paylaşıb. Müğənni-bəstəkar Murad Arif izləyicilərini maarifləndirmək məqsədi ilə status yazaraq insanlara diqqətli olmalarını məsləhət görüb:

"Dostlar, bu nə bəladırsa, lağ-lağıya çevirmədən ciddi qəbul edək və Nazirlər Kabineti tərəfindən təklif olunan formada davranaq. Sizin qohumunuz, qonşunuz yoluxmayıbsa, bu, hələ heç nə demək deyil. Virus var və ölkəmizdədir. Ehtiyyatlı, diqqətli və tədbirli olun. Ərzaq ehtiyatınızı israfsız və qənaətli istifadə edin. Bir müddət ictimai yerlərə can atmayın. Əlinizi hər saat yumağa çalışın.

Üzərinizdə nəm salfetlər gəzdirin. Əl ilə görüşməyin. Yuyulmamış əlin göz, burun, ağızla təmasına diqqət yetirin. Öskürərkən, asqırarkən ağzınızı tutun. Bacardığınız qədər uşaqlarınızı evdə saxlayın... Ərzaq üstündə müharibə etməyin. Karantin aclıq deyil. Resurslarımız var, benzin də düşüb. Sadəcə səbr edək... Panika, isterika neqativ emossiyalardır, mane olur. Həkimlərə güvənin, lazım olan kimi onlarla əməkdaşlıq edin. Üzü yaya gedir, virus üçün istilər əlverişli deyil. Bir-birinizə qarşı şəfqət və qayğı hisslərini də unutmayın".

Nəzərə alsaq ki, sənət üzvlərinin sosial şəbəkələrdə kifayət qədər izləyicisi var və insanları maarifləndirmək üçün bundan maksimum dərəcədə istifadə etmək yerinə, sadəcə olaraq maskalı fotolarını sosial şəbəkələrdə paylaşırlar.

Bundan əlavə, onlar nəinki insanları maarifləndirmir, eyni zamanda insanların sıx toplaşdığı restoranları reklam edir, hər kəsi sözügedən məkanlara dəvət edirlər. Nəzərə alsaq ki, restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilsə də, insanların toplu yerlərdə iştirakı tövsiyə edilmir.

Məsələn, müğənni Xatirə İslam İnstaqram səhifəsində Əməkdar artist Vasif Məhərrəmli ilə videosunu yayaraq insanları reklam etdiyi məkana dəvət edib. 

Həmçinin, sənət üzvləri öz dostları ilə hansısa bir restoranın otağına toplaşaraq əylənirlər. Buna misal olaraq, muğam ifaçısı Gülay Zeynallı ötən gün 10 nəfərlik heyətlə masa ətrafında əyləşən fotosunu paylaşıb, "qızlar, öpüşüb-görüşmək ümidi ilə" şərhini yazıb, bir-birilərindən qorunmaq üçün maska taxıblar.