Vitsespiker: "Məqsədimiz insanları cərimələmək deyil, onları təmasdan yayındırmaqdır"


Digərləri 17 Mar 2020 13:08:03 138 0

Vitsespiker: "Məqsədimiz insanları cərimələmək deyil, onları təmasdan yayındırmaqdır"

Bizim toxunulmazlıq hüququmuz var, ancaq koronavirusdan toxunulmazlıq səlahiyyətimiz yoxdur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Adil Əliyev parlamentin bu gün keçirilən iclasında deyib.

A.Əliyev bildirib ki, insanlar təmasdan yayınmalıdır: "İnsanlara çatdırmalıyıq ki, təmaslardan yayınsınlar. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik etməkdə bizim məqsədimiz insanları cərimələmək deyil, onları təmasdan yayındırmaqdır. Hesab edirəm ki, hər kəs Nazirlər Kabineti yanında operativ qərargahın qaydalarına ciddi şəkildə əməl etməlidir".

Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.

Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.