Serblər düşmənimizin felinə düşür?


Siyasət 17 Mar 2020 10:00:00 169 0

Serblər düşmənimizin felinə düşür?

1988-ci ildə Spitak zəlzələsində erməni xalqına yardımların daşınması zamanı serb pilotlar həlak olmuşdular. Ermənilər bunu unutmadılar. İllər əvvəl Serbiyada sel və daşqınlar olanda ilk yardım edən ölkələrdən biri Ermənistan idi.

Serbiya parlamentinin spikeri Maya Qoykoviç erməni həmkarı Ararat Mirzoyanla görüşündə belə deyib.

Ermənistan Milli Məclisinin sədri Ararat Mirzoyan martın 9-11-də Serbiyada rəsmi səfərdə olub və iki ölkə arasındakı Parlamentlərarası İttifaqın 2-ci toplantısına qatılıb.

Keçirilən görüşlərdə, iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin həm parlamentlərarası səviyyədə, həm də çoxtərəfli platformalarda daha da dərinləşdirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

Serbiya baş naziri Ana Brnabic çıxışında iqtisadiyyat, təhsil və yüksək texnologiyalar sahəsində ölkəsinin Ermənistanla əlaqələrini genişləndirmək marağında olduğunu qeyd etdi. Erməni mediasında yayımlanan xəbərlərə əsasən, hərbi sənaye sahəsində Serbiya ilə əməkdaşlıq məsələləri də müzakirə edilən mövzulardan biri olub.

Son illərdə Ermənistan rəhbərliyinin xarici ölkə nümayəndələri ilə keçirdiyi bütün görüşlərdə yüksək texnologiyalar və süni intellekt sahəsində əməkdaşlıq əsas mövzulardan birinə çevrilib. Məhz, 2019-cu ilin oktyabr ayında Ermənistan prezidentinin Serbiyaya səfərində hər iki ölkə rəhbəri rəqəmsallaşma və IT sahəsində birgə əməkdaşlıqda maraqlı olduğunu bildiriblər.

Qeyd edək ki, son dövrlərdə iki ölkə arasında əlaqələrin dərinləşməsi müşahidə edilməkdədir. Belə ki, yaxın zamanlarda ilk dəfə olaraq Serbiya Respublikasının səfirliyinin Ermənistanda açılması və erməni vətəndaşlarına viza rejiminin ləğv edilməsi gözlənilir. Həmçinin keçən ilin oktyabr ayında Serbiya Respublikasının Avrasiya İqtisadi Birliyi ilə azad ticarət sazişini imzalaması iki ölkə arasında əlaqələrin inkişafına təkan verən digər bir amildir. Lakin Ararat Mirzoyanın Serbiya Prezidenti ilə görüşündə Dağlıq Qarabağla bağlı etdiyi çıxışı birmənalı qarşılanmır.

Onun fikrincə, öz müqəddəratını təyin etmə statusu (self-determination) Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinə yeganə təminatdır. Xatırladaq ki, Kosovonun ərazi bütövlüyü prinsipinə (territorial integrity) zidd şəkildə Serbiyadan ayrılması rəsmi Belqrad tərəfindən hər zaman qanunsuz hesab edilir.

Maraqlıdır ki, Belqradda keçirdiyi görüşlərdə A.Mirzoyan "Serbiya ilə Ermənistanın siyasi və iqtisadi əməkdaşlığının nəhəng, fenomenal potensialı var" söyləyib. Mirzoyan hesab edir ki, aralarında viza rejimini ləğv etmiş Ermənistanla Serbiya qarşılıqlı əlaqələri və əməkdaşlığı sürətlə intensivləşdirməlidir.

Kosovo və Dağlıq Qarabağ problematikasına gəldikdə isə, A.Mirzoyan Belqraddakı görüşlərində bu iki münaqişənin arasında əhəmiyyətli fərqlər olmasına rəğmən, onların ikisinin də dinc yolla həll edilməsinə tərəfdar olduqlarıın vurğulayıb.

"Sülh danışıqlarının alternativi yoxdur", - A.Mirzoyan deyib.

Ermənistan parlamentinin spikerinin Belqrada rəsmi səfəri ilə bağlı yayılmış rəsmi açıqlamalara rəğmən, danışıqların əsas qayəsi İrəvanın istəyi idi.

İrəvan Belqarddan geosiyasi dəstək istəyib və niyyətinə qismən çatıb. Belə ki, İrəvanla Belqrad beynəlxalq platformalarda bir-birlərinin "maraqlarına zərbə vurmamaq, mənafelərinə zidd qərarlar verməmək"lə bağlı razılığa gəliblər.

Belədə, sual yaranır: əcəba, Serbiya dövlətinin, Azərbaycanın ərazi bütövlüyünü öz müqəddəratını təyin etmə prinsipi adı altına təcavüz edən bir dövlətlə hərbi-texniki sahədə əməkdaşlığı hansı meyarlara uyğundur?

Serbiya Respublikasının Ermənistanla hərbi sahədə mümkün əməkdaşlığı rəsmi Belqradın beynəlxalq nüfuzuna xələl gətirir.

Serbiya-Ermənistan münasibətlərini rəsmi Bakı diqqətdə saxlamalıdır.

Əməkdaşlığın, Azərbaycan-Serbiya əlaqələrinin (iqtisadi, enerji və s. sahələrdə) ruhuna uyğun olmadığı aşkardır.

Rəsmi Belqrad anlamalıdır ki, Ermənistanla əməkdaşlıq intensivləşdirilə bilər, iqtisadiyyat və maliyyə sahələrində müxtəlif anlaşmalarla sazişlər imzalanar da. Fəqət, bir tərəfdaş qismində serblər üçün Ermənistan maraqlı, böyük və perspektivli potensiala malik ölkə deyil.

Ermənistanla hərbi-texniki sahədə əməkdaşlıq isə Bakını narahat edir və rəsmi Belqrad onlarla iri layihədə tərəfdaş olduğu Azərbaycanı qayğılandıran məqamları nəzərə almalıdır.

Ən azı ona görə ki, işğalçı dövlətlə tərəfdaşlıq Serbiyada müəyyən siyasi qüvvələrin, ayrı-ayrı güc mərkəzlərinin müvəqqəti maraqlarına cavab verirsə belə, Serbiyanın mənafelərini əks etdirmir və etdirə də bilməz.

Elçin Alıoğlu Son.az