Azərbaycan Prezidenti: Əminəm ki, vətəndaşlarımızın sosial vəziyyəti ildənilə daha da yaxşılaşdırılacaqdır


Siyasət 16 Mar 2020 17:19:00 97 0

Azərbaycan Prezidenti: Əminəm ki, vətəndaşlarımızın sosial vəziyyəti ildənilə daha da yaxşılaşdırılacaqdır

"Sosial sahədə aparılan islahatlar bu il davam etdirilir. Bu islahatlar çox genişmiqyaslı islahatlardır və nəticə etibarilə Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində atılan önəmli addımlardır".

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Xüsusilə keçən il 4 milyondan artıq Azərbaycan vətəndaşının maddi rifahı yaxşılaşdırıldı, çox böyük sosial paket icra edildi. Bu, bir daha onu göstərir ki, Azərbaycan hökuməti daim öz vətəndaşının yanındadır və maddi imkanları hələ də məhdud olan vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzindədir.

Bu il bu istiqamətdə növbəti addımlar atılır və atılacaq. Pensiyaların artırılması təmin edildi. Bu, bir daha onu göstərir ki, ötən il həyata keçirilən ciddi sosial paket bizim məqsədyönlü seçimimizdir. Əminəm ki, vətəndaşlarımızın sosial vəziyyəti ildən-ilə daha da yaxşılaşdırılacaqdır.

Pensiya təminatının alıcılıq qabiliyyətinə görə Azərbaycanın MDB məkanında birinci yerdə olması, hesab edirəm ki, böyük nailiyyətdir. Əlbəttə, iqtisadi imkanlarımız genişləndikcə biz bu vəsaiti, ilk növbədə, sosial məsələlərin həllinə yönəldəcəyik.

Ünvanlı sosial yardımla bağlı sizə göstəriş vermişdim ki, onun əhatə dairəsi genişləndirilsin. Son müddət ərzində iqtisadi sahədə canlanma var, iqtisadi artım təmin edilir, o cümlədən sənaye istehsalında, qeyri-neft sektorunda sənaye istehsalı təqribən 15 faizə yaxın artıbdır, yeni iş yerləri yaradılır, vətəndaşlar üçün yeni imkanlar açılır. Ancaq buna baxmayaraq, mən göstəriş vermişdim ki, hələ də dövlət dəstəyinə ehtiyacı olan vətəndaşların dövlət təminatı təmin edilsin və bu vətəndaşların sayı artırılsın".