Mağazalardakı alıcı çoxluğu bayram hazırlıqları ilə bağlıdır - REPORTAJ - VİDEO


İqtisadiyyat 15 Mar 2020 16:36:49 153 0

Mağazalardakı alıcı çoxluğu bayram hazırlıqları ilə bağlıdır - REPORTAJ - VİDEO

Son günlər paytaxtın bir sıra mağaza, supermarketlər şəbəkələri və digər satış mərkəzlərində adi günlərdən fərqli olaraq alıcıların çoxluğu müşahidə edilir.

© Foto: "Report"

Son günlər paytaxtın bir sıra mağaza, supermarketlər şəbəkələri və digər satış mərkəzlərində adi günlərdən fərqli olaraq alıcı çoxluğu müşahidə edilir.

“Report” xəbər verir ki, bəzi alıcılar bunu koronavirusun fəsadlarıbəhanəsi ilə əsaslandırırlar.

Alıcıların bəziləri hesab edir ki, koronavirusla bağlı qonşu ölkələrlə sərhədlərin bağlanması qida məhsullarına tələbatın artmasına, bu isə öz növbəsində qiymətlərin bahalaşmasına səbəb ola bilər. Bəziləri isə düşünür ki, sərhədlərin bağlanması bir sıra qida məhsullarını, xüsusilə də xaricdən idxal olunan məhsulları və onların istehsalı üçün lazım olanxam malları bahalaşdıracaq.

“Report” bütün bunları nəzərə alaraq, paytaxtın bir neçə əsas satış obyektində olub. Məlum olub ki, bütün bunlar şayiədir. Mağazalarda yaranmış insan çoxluğuna səbəb isə vətəndaşların şənbə və bazar günlərində Novruz bayramına hazırlıqları ilə əlaqədar alış-veriş etmələri ilə bağlıdır.

Mövzu ilə bağlı “Report”a açıqlama verən “Bravo” supermarketlər şəbəkəsinin “Koroğlu” filialının mağaza müdiri Erhan Özbək bildirib ki, artıq alıcılar Novruz bayramı məqsədilə alış-verişlərə başlayıblar. Onlar xüsusən qənd, şəkər tozu və digər gündəlik tələbat məhsulları alırlar. Bununla belə, hazırda hər hansı məhsul problemi yoxdur: “Biz bayrama hazırıq. Hazırda makaron, yağ və digər məhsullarımız kifayət qədərdir.

“Anbarlarımızda məhsul problemi yoxdur, marketin şöbələrində bütün məhsullar mövcuddur. Piştaxtaların məhsullarla doldurulması davam etdirilir. Hər şey qaydasındadır. Alıcılar axtardıqları məhsulları mağazamızda tapa bilir”.

O bildirib ki, hazırda mağazanın anbarlarında 3 ay müddətinə satıla biləcək məhsullar var. Bununla yanaşı, mağazaya istehsalçıların yeni məhsulları da gəlməkdədir.

Xatırladaq ki, daha əvvəl İqtisadiyyat naziri Mikayıl Cabbarov da son günlər mağazalarda müşahidə olunan kütləvi alışla bağlı məsələyə münasibət bildirib. O qeyd edib ki, Azərbaycanda əhalinin gündəlik tələbat malları, o cümlədən, qida məhsulları tələbatının ödənilməsində heç bir problem yoxdur.

Nazir bildirib ki, hazırda ticarət şəbəkələri, mağazalar və anbarlarda gündəlik tələbat malları, o cümlədən, ərzaq məhsulları ilə bağlı kifayət qədər ehtiyat mövcuddur və təlaşa heç bir əsas yoxdur: “Bu gün ölkədə bütün əsas məhsullar üzrə ehtiyatlar mövcuddur. Mal və məhsulların kifayət qədər ehtiyatı var. Alınan mallar yeniləri ilə əvəz olunur və olunacaq”.

Onun sözlərinə görə, iqtisadi təhlükəsizlik məsələləri Azərbaycan hökumətinin diqqət mərkəzində olub: “Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı təmin olunması üçün ehtiyatlar mütəmadi monitorinq olunaraq qiymətləndirilib. Hazırda koronavirus təhlükəsi ilə bağlı ölkəmizin sərhədlərində tətbiq edilən məhdudiyyətlər isə yükdaşımalara şamil edilmir”.

Nazir son günlər ticarət mərkəzlərində, mağazalarda müşahidə olunan istehlakçı davranışına dünyanın hər yerində rast gəlindiyini, lakin mövcud şəraitdə insanların belə mərkəzlərdə kütləvi toplaşmasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olmadığını diqqətə çatdırıb.

M.Cabbarov bir daha əhalinin gündəlik tələbat malları, o cümlədən ərzaq məhsulları təchizatında heç bir narahatlıq olmadığını qeyd edib.