Azərbaycan xalçaları İstanbulda sərgilənir


Digərləri 14 Mar 2020 17:09:00 159 0

Azərbaycan xalçaları İstanbulda sərgilənir

13 mart 2020-ci il tarixində İstanbulda "Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasından Azərbaycan xalçaları" adlı sərgi və eyni adlı kitab-kataloqun təqdimatı keçirildi. Sərgi Türk və İslam Əsərləri Muzeyində təşkil edilib. Layihə Azərbaycan Milli Xalça Muzeyinin təşəbbüsü, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Mədəniyyət Nazirliyi, Azərbaycanın Türkiyədəki Səfirliyi, Türk və İslam Əsərləri Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təşkilatçılığı ilə həyata keçirilir.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbir Azərbaycan Milli Xalça Muzeyinin yaranmasının 53-cü ildönümü və Azərbaycan xalça sənətinin UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyinə həsr olunub.

Qeyd edək ki, "Türk və İslam Əsərləri Muzeyi kolleksiyasından Azərbaycan xalçaları" layihəsini Azərbaycan Milli Xalça Muzeyi "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" çərçivəsində reallaşdırır. 2018-ci ildən həyata keçirilməyə başlanılan layihənin əsas məqsədi Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasında qorunub saxlanılan Azərbaycan xalçalarının elmi atribusiyası sahəsində tədqiqatın aparılması, onun əsasında kataloqun hazırlanması və nadir xalça nümunələrinin sərgisinin təşkilindən ibarətdir.

Açılış mərasimində hər iki muzeyin direktorları Şirin Məlikova və Seracettin Şahin, İstanbul İl Kültür və Turizm müdir müavini Mümin Yıldıztaş çıxış edərək bu layihənin hər iki qardaş ölkənin mədəni həyatında böyük əhəmiyyətindən danışdılar.

Daha sonra muzey direktorları son illər ərzində muzeylərin çap etdikləri nəşrləri bir-birinə təqdim etdilər.