Dövlət Komitəsi koronavirusa görə xaricdə yaşayan azərbaycanlılara müraciət etdi


Digərləri 12 Mar 2020 18:10:00 113 0

Dövlət Komitəsi koronavirusa görə xaricdə yaşayan azərbaycanlılara müraciət etdi

Diasporla İş üzrə Dövlət Komitəsi koronavirusa görə xaricdə yaşayan azərbaycanlılara müraciət edib.

Dövlət Komitəsindən Trend-ə daxil olan müraciətdə bildirilib ki, dünyanın əksər ölkələrində yayılmış koronavirus daha diqqətli olmağı, gigiyenik və digər bir sıra tələblərə maksimum şəkildə əməl etməyi zəruri edib:

"Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət edərək bildirir ki, dünyanın bir çox ölkələrində virusun yayılması ilə əlaqədar Dövlət Komitəsi Azərbaycanlıların Koordinasiya Şuraları, Azərbaycan evləri, diaspor təşkilatları və fərdi şəxslər vasitəsilə xaricdə yaşayan soydaşlarımızla bağlı mütəmadi olaraq informasiyalar əldə edir, onların vəziyyəti ilə maraqlanır, maarifləndirici tövsiyələr verir və bütün mümkün vasitələrdən istifadə edərək soydaşlarımıza mənəvi dəstək olmağa çalışır. Xüsusilə də, virusun geniş yayıldığı, xeyli sayda azərbaycanlının məskunlaşdığı və təhsil aldığı İtaliyada yaşayan həmvətənlərimiz Azərbaycan dövlətinin, o cümlədən Dövlət Komitəsinin diqqət mərkəzindədir.

Dövlət Komitəsi Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və Nazirlər Kabineti yanında Operativ Qərargahla (Qaynar xətt: *994-1542) intensiv əlaqə saxlayır.