İncə yumor, mənalı gülüş, zəngin mimika


Kriminal 11 Mar 2020 23:45:00 202 0

İncə yumor, mənalı gülüş, zəngin mimika

Və ya baharda doğulub, baharda da həyatla vidalaşan sənətkar

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

O, təkcə rollarına görə deyil, həm də xarici görünüşü, mimikası, özünü tamaşaçıya təqdimetmə bacarığı ilə  daim seçilən aktyorlardan olub. Milli kino və teatrımızın səhnəsində yaratdığı obrazlar, elə bil Bəşir Səfəroğlu üçün yazılmışdı. Bəlkə də başqa aktyorlar bu obrazları oynasaydı, o qədər tamaşaçı sevgisi qazana bilməzdi. İncə yumor, mənalı gülüş, zəngin mimika uzun müddət Azərbaycan Musiqili Komediya Teatrında işləmiş bu aktyorun ifasına xas təkrarolunmaz cəhətlərdən idi...   14 yaşından səhnəyə   Bəşir Səfəroğlu 11 mart 1925-ci ildə Bakıda doğulub. Heç bir xüsusi peşə təhsili almayıb. Heç teatr təhsili də olmayıb. Yeddi illik təhsilini Bakıda aldıqdan sonra ailə vəziyyətinin ağırlığı ilə əlaqədar məktəbdən uzaqlaşıb. İlk dəfə səhnəyə 14 yaşında çıxıb və "Sevil" tamaşasında Gündüz rolunu oynayıb. Tamaşadakı bu kiçik rol onun həvəsini daha da artırır. Ona görə də yaxşı rollar almaq məqsədilə Dənizçilərin Mədəniyyət Evinə üz tutur və burada "Ölülər" tamaşasında oynayır. Bu tamaşa onun gələcək taleyinə böyük təsir göstərir. Onun bu tamaşadakı işini görən Musiqili Komediya Teatrının rejissoru Niyaz Şərifov Bəşiri bu teatrda işləməyə dəvət edir. Artıq Musiqili Komediya Teatrı aktyorlarının siyahısında 17 yaşlı Bəşir Səfəroğlunun da adı var idi. 

1941-ci ilin noyabrında yaşı çatmasa da könüllü cəbhəyə gedib. 1942-ci ildə kontuziya alaraq eşitmə və danışma qabiliyyətini itirib. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib. Ancaq teatra olan həvəsi onu tərk etmirdi. Niyaz Şərifov hər gün teatrın qarşısına gəlib, həsrətlə bu binaya boylanan Bəşiri yenidən çəkib ora gətirir. Beləliklə, o, əvvəl tamaşaçı qismində teatra gəlir, sonra isə kütləvi səhnələrdə oynamağa başlayır. Günlərin birində yuxuda səhnəyə yararsızlığını görür və bərk həyəcanlanır. Qışqırıb yerindən qalxır. Bununla da həm dili açılır, həm də eşitməyə başlayır. O gün Bəşirin həyatında ən yaddaqalan bir tarix olur. Bu, onu ömürlük səhnəyə bağlayan taleyin möcüzəsi idi.

Bir müddət sonra isə onu truppaya aktyor qəbul edirlər.

Bəşir Səfəroğlu Üzeyir Hacıbəylinin və Zülfüqar Hacıbəyovun klassik operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli, satirik, yumoristik, məzhəkəli rollarda çıxış edir. Aktyorun yaradıcılığında xüsusi yer tutan Möhsün ("Beş manatlıq gəlin", Məmməd Səid Ordubadi və Səid Rüstəmov), Qaradavoy və Çiko ("Keto və Kote", Vladimir Dolidze), Qoçu Əsgər və Məşədi İbad ("Məşədi İbad", Üzeyir Hacıbəyli), Uzun və Nəcəf ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov), Qədir və Gülümsərov ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov), Salyanski və Qəhrəman ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov) və b. obrazlar tamaşaçı qəlbinə yol tapıb. 

B.Səfəroğlunun iştirakı ilə göstərilən tamaşalara bilet tapmaq o qədər də asan deyildi. O, Musiqili Komediya Teatrının aparıcı aktyorlarından birinə çevrilmişdi. Onun xalq artistləri Nəsibə Zeynalova və Lütfəli Abdullayev ilə tərəf müqabilliyi o qədər canlı və maraqlı alınırdı ki, tamaşaçı alqışları bitmirdi. "Aya səyahət" komediyasında oynadığı Hacı Kərimin sözləri bu gün də tamaşaçıların sevimli ifadəsi kimi yaddaşlarda yaşayır.