AnkaraMoskva xəttində İdlib məsələsi:


Dünya 11 Mar 2020 18:36:00 142 0

AnkaraMoskva xəttində İdlib məsələsi:

Ekspertlər xeyli vaxt idi ki, İdlibdə hərbi vəziyyətin kəskinləşməsini xüsusi həssaslıqla izləyirdilər. Bu prosesin inkişaf etməsi halında hətta dünya savaşının meydana çıxa biləcəyini istisna etmirdilər. Belə ki, Suriya rejimi müttəfiqlərinin köməyi ilə İdlibdə Türkiyə hərbi qüvvələrinə qarşı əməliyyat keçirməyə başlamışdı. Onlar çoxlu sayda məntəqəni ələ keçirdilər, üstəlik, 36 türk əsgərini şəhid etdilər. Türkiyə ordusu buna çox sərt reaksiya verdi və qısa müddətdə Bəşər Əsədə bağlı hərbi qüvvələrə sarsıdıcı zərbələr endirildi. Bütün dünya gördü ki, Türkiyənin böyük hərbi gücü var və onunla zarafat etmək olmaz. Bununla türk əsgərlərinə qarşı hərbi əməliyyatlar dayandırıldı. Ancaq türk ordusu Əsəd qüvvələrini diz çökdürmək üçün tədbirlər görməli oldu. Türklər yüksək dəqiqliklə yerdəki hərbi hədəfləri vurdular. Həyata keçirilən əməliyyatlar dünyanı heyrətə gətirib. Çünki bir nəfər də olsun dinc insana zərər dəyməyib. Türk pilotsuz hərbi təyyarələri dəqiqliklə hədəfləri vura bilib. Bütün bunların fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfərinin necə nəticələnəcəyi ilə bağlı müxtəlif proqnozlar verilirdi. Onları da nəzər alıb, həmin səfərin geosiyasi konteksti üzərində geniş dayanmağa ehtiyac gördük.

Müharibədən diplomatiyaya: Ərdoğanın qətiyyəti və iradəsi

Son.az newtimes.az-a istinadən xəbər verir ki, Moskvada Putin-Ərdoğan danışıqlarının konkret nəticə verə biləcəyinə inananlar çox deyildi. Tərəflər arasında son dövrlərdə ciddi hərbi ixtilaf meydana gəlmişdi. Rusiya KİV-lərinin məlumatına görə, Moskva Suriya sahillərinə beş hərbi gəmi göndərib. Onların ikisi raket daşıya bilir. Üçü isə desant çıxarmaq üçün nəzərdə tutulubmuş. Türkiyə də öz növbəsində İdlib və ətrafına kifayət qədər güclü hərbi kontingent yığmışdı. Tərəflərin qarşıdurması hər an müharibəyə çevrilə bilərdi.

Digər tərəfdən, Suriya istiqamətində təxribatların olması istisna edilmirdi. Orada çoxlu sayda qruplaşmalar mövcud olduğundan, ara qarışdıranların fəallaşması gözlənilən idi. Bunlardan başqa, B.Əsədə bağlı hərbi qruplar ciddi itkilər verdi ki, bu da Türkiyə tərəfdən konkret siqnal kimi qəbul olundu. Ankara İdlibin onun nüfuz dairəsində olduğunu və kimsəyə güzəştə getmək fikrində olmadığını nümayiş etdirdi.

Bütün bunların fonunda ABŞ və Avropanın siyasi liderlərinin davranışları da müəyyən suallar ortaya çıxarırdı. Qərb sözdə Türkiyəyə aktiv dəstək verdi. NATO kifayət qədər ciddi məqamlara toxundu. Amerika hətta silah-sursatdan danışdı. Bu addımları Qərb sanki Türkiyə ilə Rusiya arasında savaşın davam etməsi tonu ilə atırdı. Əlbəttə, bunları Ankara və Moskvada başa düşürdülər.

BMT-nin reaksiyası da özünü göstərdi. Təşkilatın Baş katibi humanitar fəlakəti dayandırmaq çağırışını etdi. Bununla İdlibdəki vəziyyət həm dünya siyasətinin əsas mövzusuna çevrildi, həm də onun ətrafında yeni geosiyasi oyunların başlandığı aydın oldu. Döyüş meydanında isə türk ordusu Əsədin mövqelərinə zərbə endirib onu canlı qüvvə və texnika baxımından ağır tələfata uğratdı.

Nəhayət, bütün bunların fonunda açıq da olmasa, Moskva və Ankara bir-birinə qarşı "diplomatik əzələ" nümayiş etdirdi. Hər iki tərəf dolayısı da olsa, anlatmağa çalışdı ki, mövqeyindən çəkilməyəcək. Bu, Suriyada iki böyük dövlətin geosiyasi maraq uğrunda ciddi bir mübarizəyə başlaması əlaməti idi. Moskva hesab edirdi ki, orada Amerika və Avropa kimi rəqibləri kənarlaşdırıbsa, Türkiyə ona əngəl ola bilməz. Reallıq isə başqa mənzərəni ortaya qoydu.

Bütün bunlar Moskvada Putin-Ərdoğan görüşünün həm əhəmiyyətini, həm də gərginliyini göstərirdi. Bunlarla yanaşı, Ərdoğan Putini İstanbulda qarşılamaq istəyirdi, lakin rəsmi Moskva müəyyən şərtləri ortaya qoydu və görüş Rusiyada oldu. Bunu da ekspertlər Vladimir Putinin müəyyən psixoloji üstünlüyü kimi qiymətləndirməyə tələsdilər. Doğrudur, Türkiyə Prezidenti Moskvada bu məsələyə toxundu və Rusiya Prezidentinin işlərinin çox olması səbəbindən Rusiya paytaxtına gəldiyini ifadə etdi.

Görüş gözlənildiyindən çox vaxt aldı. Prezidentlər üç saat təkbətək müzakirə apardılar. Sonra geniş tərkibdə iki saat qırx dəqiqə danışıqlar oldu. Bu zəhmətin hədər getmədiyi prezidentlərin mətbuat konfransında öz təsdiqini tapdı. Ekspertlər müzakirələrdə əldə olunan üç razılığa diqqət yetirirlər. Onlar atəşkəsə, təhlükəsizlik zonasının yaradılmasına və ortaq nəzarətə aiddir. Türkiyə və Rusiya razılaşıblar ki, atəşkəs təmin edilir, türk ordusu İdlibdəki mövqelərini, o cümlədən müşahidə məntəqələrini tərk etmir, M4 magistral şosesindən cənuba və şimala altı kilometrlik sahədə təhlükəsizlik zonası yaradılır və müəyyən qisim ərazilərdə ortaq dövriyyə həyata keçirilir. Bunlardan başqa, Türkiyə Əsəd tərəfdən hər hansı bir hücum aktı olduqda, dərhal cavab vermək hüququnu özündə saxlayır.

Yeni dönəm: Yaxın Şərqdə rus-türk geosiyasi modeli

Bir sıra ekspertlər bu qədər gərginlikdən sonra Rəcəb Tayyib Ərdoğanın bu nəticələrə nail olmasını rəsmi Ankaranın böyük uğuru kimi qiymətləndirirlər. Burada, əlbəttə, bir həqiqət vardır. Çünki Türkiyə faktiki olaraq Suriyada Rusiya ilə rəqabət apara biləcək yeganə region dövləti olduğunu hərbi və diplomatik sferada sübut etdi. Bundan başqa, hətta Əsəd ordusuna qarşı əməliyyat aparmaq hüququnu da real olaraq əldə etdi. Digər tərəfdən, Türkiyə atdığı addımlarla bütövlükdə Qərbin və NATO-nun dəstəyini qazandı. Rusiya anladı ki, Türkiyə ancaq regionun güclü dövləti deyil, o, həm də dünya çapında sözü keçən və qiyməti bilinən gücdür.