Baş Prokurorluq və DİN gənc qızın intihara cəhdi ilə bağlı məlumat yaydı


Kriminal 10 Mar 2020 16:05:00 209 0

Baş Prokurorluq və DİN gənc qızın intihara cəhdi ilə bağlı məlumat yaydı

Martın 10-da saat 05:42-də 24 yaşlı işsiz Ələkbərzadə Aysel Elşən qızı tanışı Yusif İsayevlə spirtli içki qəbul edib kirayədə yaşadığı paytaxtın Yasamal rayonu ərazisindəki yüksək mərtəbəli binanın ikinci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən intihar məqsədi ilə özünü atmışdır.

Son.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

Bildirilir ki, A.Ələkbərzadə kəllə-beyin və bir ayağının sınığı xəsarəti ilə Kliniki Tibbi Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilmiş və hazırda vəziyyəti orta-ağırdır, müalicəsi üçün zəruri tədbirlər görülür.

Yasamal Rayon Prokurorluğunun və polis idarəsinin əməkdaşları tərəfindən A.Ələkbərzadənin yaşadığı evə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilmiş, hadisə yerinə baxış keçirilərkən evdən 2 ədəd 1 litrlik "Kuller" markalı pivənin boş plastmas qabları, o cümlədən iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülmüş və müvafiq prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılmışdır.

İstintaq zamanı Yusif İsayev ifadəsində həmin gün səhər saatlarında Aysel Ələkbərzadə ilə pivə qəbul etdikdən sonra içkinin qurtarması ilə əlaqədar əlavə spirtli içki almaq üçün mağazaya gedib geri qayıtdıqda A.Ələkbərzadənin mənzilin pəncərəsindən atmaq istəməsini görsə də, etdiyi səylərə baxmayaraq onun bu hərəkətinin qarşısını ala bilmədiyini göstərmişdir.