"Tələbə olanda adam nə istədiyini tam olaraq bilmir" Uğur hekayəsi FOTO


Digərləri 09 Mar 2020 19:59:00 147 0

"Tələbə olanda adam nə istədiyini tam olaraq bilmir"  Uğur hekayəsi  FOTO

Pərviz Hacıyev: "Xaricdə işləməyimdə təhsildən çox iş təcrübəmin daha böyük rol oynadığını düşünürəm"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir. 

İT sahəsinə uşaq yaşlarından marağı olsa da, ali təhsilini iqtisadiyyat üzrə alır. Ancaq sonra maraq göstərdiyi sahə ilə təhsil aldığı sektorun birləşdiyi İT auditdə çalışır. "Ali təhsil almaq həmişə şərt deyil, istək olandan sonra İT-yə həvəskar şəkildə başlayıb sonradan peşəkar mütəxəssis olmaq hər zaman mümkündür" - deyən müsahibimiz "PwC" şirkətinin Böyük Britaniyada yerləşən baş ofisində İT audit sahəsində aparıcı mütəxəssis işləyən Pərviz Hacıyevdir.

- Hazırda İT audit sahəsindəsiniz. Təhsiliniz iqtisadiyyatla bağlıdır, amma işiniz həm də İT bilikləri tələb edir. Bu yönəlmə necə baş verib?

- Çox təsadüfi alınıb desəm, yanılmaram. Bakalavr təhsilimi Mançester Universitetində, iqtisadiyyat sahəsi üzrə almışam. İkinci kursu bitirdikdən sonra yay tətilində qısa müddətliyinə Bakıya qayıtdım, burada olduğum müddətdə "Deloitte" şirkətinin Bakı ofisində İT audit sahəsi üzrə iki aylıq təcrübə keçdim. İT sahəsinə olan həvəsim və iqtisadiyyat sahəsində təhsilim işlədiyim müddətdə bu sahəyə olan marağımı daha da artırmağa başladı, İT audit sahəsində karyerama da ilk addımım elə buradan başladı.

Mançesterdə təhsilimi başa vurandan sonra Bakıya qayıtdım və bu sahədə iş axtarmağa başladım. İT audit sahəsi o zaman Azərbaycanda çox populyar deyildi, vakansiyalar ildə bir dəfə olurdu, buna görə bu sahə üzrə iş tapmaqda həm şanslı olmağım, həm də yayda qazandığım təcrübənin böyük rolu oldu. İş müraciətləri zamanı bir neçə müxtəlif müsahibələrdə iştirak etdim və sonda PwC-nin Bakı ofisindən İT audit sahəsi üzrə iş təklifi aldım.

İşlədiyim müddətdə gələcəkdə xaricdə bu sahə üzrə karyeramı davam etdirmək qarşıma qoyduğum əsas hədəflərdən biri idi. İki il təcrübə qazandıqdan sonra xarici şirkətlərdə bu sahə üzrə işlərə müraciət etməyə başladım və Böyük Britaniyanın KPMG şirkətindən iş təklifi aldım və 2019-cu ilin yanvarında Londona köçdüm. Altı ay işlədiyim müddətdə Britaniyanın biznes mühitinə adaptasiya oldum və bu sahə üzrə daha yüksək vəzifələrə müraciət etməyə başladım. Qısa müddət ərzində PwC-nin Londonda yerləşən baş ofisində eyni sahə üzrə aparıcı audit mütəxəssisi vəzifəsinə iş təklifi aldım. Ötən ilin avqustundan burda çalışıram.

- İT ilə bağlı məlumatlı idiniz, yoxsa bunu işlədikcə öyrəndiniz?

- Kompüterlər, İT sahəsinə marağım uşaq yaşlarından yaranıb. O vaxt indiki kimi internetə çıxış asan deyildi, materiallar az idi, amma sadə problemləri həll etməyi, araşdırıb öyrənməyi sevirdim. İş mühitində də qazandığım təcrübənin rolu böyük olub.

- İT-yə bu qədər həvəsiniz var idisə, niyə ali təhsili bu istiqamətdə almadınız?

- Tərəddüdlü idim. Əslində İT üzrə təhsil almaq istəyirdim. Kompüter mühəndisliyi ixtisası birinci qrupda idi. Birinci qrupdakı kimya, fizika kimi fənlərdən biliyimin çox dərin olmadığını düşünürdüm. Ona görə belə qənaətə gəlmişdim ki, birinci qrupa getsəm, o qədər də yüksək bal yığa bilməyəcəm. Yaxşı universitetdə təhsil ala bilmək üçün bu qərarı verdim.

- Yəni təhsilinizi İT deyil, iqtisadiyyat üzrə aldığınıza peşman deyilsiniz?

- Bu barədə çox düşünmüşəm, amma bilmək olmaz, bəlkə o sahəni seçsəydim, indi burada olmazdım. Bunu ona görə deyirəm ki, qəbul imtahanında yaxşı bal topladığım üçün ADA Universitetinə qəbul oldum, təhsil aldığım müddətdə çox savadlı və bacarıqlı tələbələrin, xarici və yerli müəllim heyətinin çevrəsində oldum. Düzdür, sonra o təhsilimi yarımçıq qoyub dövlət proqramı ilə Mançester Universitetində təhsil aldım. Xaricdə təhsil almağım, gələcək hədəflərimin müəyyən olunmasında bütün bu faktorlar çox böyük rol oynadı. Bundan əlavə, gündəlik işimdə həm maliyyə məlumatları, həm də İT sistemləri ilə işləyirəm və buna görə hər iki sahədə anlayışlı və təcrübəli olmaq mənə faydalı olur.

- Xarici ölkələrdə təhsil alan şəxslər üçün ölkə xaricindəki şirkətlərdə işə düzəlməyin daha asan olduğunu deyirlər.