İrsi xarakter daşıyan anadangəlmə hemeralopiya müalicəyə tabe olmur


Digərləri 09 Mar 2020 19:44:00 166 0

İrsi xarakter daşıyan anadangəlmə hemeralopiya müalicəyə tabe olmur

Tibdə hemeralopiya, el arasında "toyuq korluğu" kimi tanınan bu xəstəlik, gecə görmə qabiliyyətinin zəifləməsi və zəif işıqlanan sahələrdə qaranlığa adaptasiyanın azalması deməkdir. Hemeralopiyadan əziyyət çəkənlər alaqaranlıq, işıq zəif düşən yerlərdə, axşam vaxtlarında ətraf mühiti yaxşı seçə bilmirlər. Onlarda qaranlığa adaptasiya çox çətin olur. "Toyuq korluğu" bəzi xəstəliklərin simptomu kimi özünü büruzə verir.

Hemeralopiyanın əsas üç növü ayırd edilir: anadangəlmə, simptomatik, essensial. İrsi xarakter daşıyan və erkən uşaqlıq dövründə təzahür edən anadangəlmə hemeralopiya, ümumiyyətlə, müalicəyə tabe olmur. Anadangəlmə toyuq korluğuna Aşer sindromu, piqmentli retinitin irsi forması və irsən ötürülən digər patologiyalarda rast gəlinir. Hemeralopiyanın simptomatik forması qlaukoma, yüksək dərəcəli miopiya, retinopatiya, torlu qişanın ayrılması, katarakta, xorioretinir, görmə sinirinin atrofiyası, sideroz, gözün şüa yanıqları, yəni fotooftalmiya və s. oftalmoloji patologiyalar fonunda inkişaf edir. Essensial və ya funksional hemeralopiya orqanizmdə A, B2, PP vitaminlərinin kəskin çatışmazlığı və ya ümumən olmaması nəticəsində yaranır.

Hipo və avitaminoza, qaraciyər xəstəlikləri, yuxusuzluq, sinir və ya fiziki yüklənmə, spirtli içkilərin qəbulu və siqaret çəkmək, kompüterdə uzun müddət ərzində işləmək, göz yorğunluğu, qanazlığı, həddindən artıq arıqlama, şəkərli diabet, qida maddələrinin sorulma proseslərinin pozulması ilə müşayiət olunan xroniki qastrit, enterit, kolit və s. kimi mədə-bağırsaq traktı xəstəlikləri, retinolun antaqonistləri ilə müalicə zamanı, suçiçəyi, herpes, məxmərək, qızılca kimi keçirilmiş infeksion xəstəliklər, pəhriz saxlamaq hemeralopiyanın təkanverici amillərindən hesab olunur.

Hemeralopiyanın formasından asılı olmayaraq, qaranlıqda görmə qabiliyyətinin pisləşməsi eyni mexanizmlə - torlu qişanın çöpşəkilli hüceyrələrində rodopsin piqmentinin sintezinin pozulması ilə bağlıdır.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat və təşkilati metodik bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva məlumat verib.

Yazgül Abdıyeva bildirib ki, anadangəlmə hemeralopiya axşam saatlarında və qaranlıq məkanda görmə itiliyinin azalması ilə özünü büruzə verir. Hemeralopiyalı insan zəif işıqlandırılma şəraitində məkan qavrayışını itirir, ətrafdakı əşyaları seçə bilmir. Gündüz vaxtı isə heç bir narahatlıq yaranmır.

Bundan əlavə, gözlərdə quruluq və yad cisim hissi əmələ gəlir. Hemerolopiya görmə sahəsinin daralması, sarı və göy rəngləri ayırd etmə qabiliyyətinin zəifləməsi ilə də müşayiət olunur.

Essensial hemeralopiya zamanı konyunktivada kserotik İskerski-Bito lövhəcikləri - göz yarığının hüdudları daxilində yerləşən yastı quru ləkələr formalaşır. Oftalmoloji simptomlarla yanaşı dəri örtükləri və selikli qişanın quruluğu, bədəndə hiperkeratoz sahələrinin yaranması, dərinin qabıqlanması və cızılması, diş ətinin qanaması müşahidə edilir.