"Mən yaşımdan tez böyümüş uşağam" Keçmişdəki mən FOTO


Digərləri 09 Mar 2020 19:39:00 139 0

"Mən yaşımdan tez böyümüş uşağam"  Keçmişdəki mən  FOTO

Bahəddin Həziyev: "Öz payımızdan qaytarıb anam üçün qazana qoyduğumuz da çox olub"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir. 

"Atamı uşaq vaxtı itirmişəm. Yəqin buna görədir ki, uşaqlıq xatirələrimin ən doğmaları onunla bağlıdır. Bu yaxınlarda 55 yaşımı tamam edəcəm. Amma hiss edirəm ki, günü bu gün də ona ehtiyacım var". "Keçmişdəki mən" rubrikasının budəfəki qonağı bizimyol.info saytının baş redaktoru Bahəddin Həziyevdir. Onunla söhbət zamanı uşaqlıq və gənclik illərinə qiyabi səfər etdik. Uşaqlıq illərini Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində keçirən həmsöhbətim deyir ki, çoxuşaqlı ailədə böyüyüb: "Ailədə 7 uşaq olmuşuq. Mən üçüncü uşaq idim. Atamı 10 yaşım olanda itirmişəm. Uşaqlıq illərim kənd yerində, müxtəlif çətinliklərlə yadımda qalıb. Atam yox idi deyə, anam işləyib bizə baxırdı. Ona çətin idi. Buna görə qısa müddətdə zəhmətə alışdıq. Ailəmizi dolandırmaq üçün müxtəlif əziyyətlərə qatlaşmağa məcbur idik. Bütün uşaqlar yaşıdları ilə oynamağı, əylənməyi sevir. Bizim vaxtımızda da qız uşaqları müxtəlif gəlinciklərlə, oğlanlar isə maşınlarla oynayırdı. Çünki oyunlar uşaq üçün həyatı öyrənməyin ən yaxşı yoludur. Düzü, bizim işləməkdən və oxumaqdan oynamağa, demək olar, vaxtımız qalmırdı. Təsərrüfatda işləyir, anama kömək edirdik. Mən xaraktercə dəcəl uşaq deyildim. Cox sakit təbiətli və oxumağa meylli olmuşam. Oynamaqdan çox dərsə, kitaba marağım vardı".

Həmsöhbətim o illərdən yadında qalan maraqlı xatirələri də bizimlə bölüşdü: "Hamının uşaqlıq illərindən unudulmayan xatirələri çoxdur. Mənim uşaqlıq xatirələrimin bir çoxu atamla bağlıdır. Bəlkə də onu tez itirdiyimə görə bu xatirələr mənə daha əziz gəlir. Bizim böyük bağımız vardı. Atam bağa-bağçaya həvəsli adam idi. Bizə də calaq etməyi, ağaca qulluğu öyrədirdi. İsti yay günlərindən biri idi. Məni bağa çağırdı. Gördüm qarışqa yuvasının yanında dayanıb, qaynaşan qarışqalara baxır. Həmin il bir az quraqlıq vardı. Qarışqalar da yem tapmaqda çətinlik çəkirdi. Atam dedi: "Get, evdən buğda gətir". Evdə ciblərimə iki ovuc buğda doldurub atamın yanına qayıtdım. O, buğdanı qarışqaların yuvasının qarşısına səpib: "Burda dayan, qoyma toyuqlar buğdanı yesin. Qoy qarışqalar bu buğdanı öz yuvasına daşısın" dedi. Sonra da əlavə etdi: "İki ovuc buğdanın çörəyi bizə bir gün də bəs etməz. Amma qarışqalar bu buğda ilə qışı çıxara bilər". Onun bu sözləri mənim üçün həyat dərsi oldu. Mən bu haqda yazmışam. O, bizə uşaqlıqdan daha çox paylaşmağı öyrədirdi. İndiki dövrdə bu, bəzən müəyyən çətinlik yaratsa da, heç vaxt narazı olmamışam. Bir də anamdan bir xatirə deyim. Hər dəfə bişirdiyi yeməkdən bizə çəkəndə soruşurduq ki, özünə qaldımı? Deyirdi: "Saxlamışam, çoxdur". Ancaq çox vaxt baxırdıq ki, yemək az olub, biz yeyək, doyaq deyə özünə saxlamayıb. Gizlincə öz payımızdan qaytarıb anam üçün qazana qoyduğumuz zamanlar da çox olub". 

Müsahibim deyir ki, əlaçı şagird olub: "Orta məktəbi bütün fənlər üzrə əla qiymətlərlə bitirdim. O dövrdə əla qiymətlərlə bitirən məzunlara qızıl medal verirdilər. Mənə də düşürdü, ancaq qızıl medalı məktəbin partiya komitəsi sədri olan riyaziyyat müəlliminin oğluna verdilər; aşağı qiymətlərini sonradan düzəltmişdilər. O uşaq da o zamankı Xalq Təsərrüfatı İnstitutuna elə ilk imtahandan kəsildiyinə görə, rayon maarif şöbəsinin müdirinə töhmət verildi, direktorumuzu işdən çıxardılar. Mənə görə cəzalanan direktorumuza üzüldüm, ancaq o da vardı ki, mənim haqqım yeyilmişdi; bununla barışa da bilməzdim. Oxumağa, elmə həmişə böyük marağım olub. Bəzən evdə, təsərrüfatda anama kömək üçün dərsə getmədiyim günlər olurdu. Bir müddət gözümdən müalicə aldığıma görə dərsə gedə bilməmişdim. Amma heç vaxt dərsdən qaçmamışam. Əslində dərsdən qaçanlara da o qədər pis baxmırdım, uşaq ağlıdır. İndiki ağılları olsa, qaçmazdılar ki. Yaşadığım çətinliklər məni yaşımdan tez böyütdüyünə görə müəllimlərimi incitmir, dəcəllik etmirdim". 

Bahəddin müəllim məktəbi bitirdikdən sonra jurnalistika fakültəsinə sənəd vermək istəsə də, bunu edə bilməyib. Çünki fakültəyə qəbul üçün iki il iş stajı və hərbi xidmət keçmək tələb olunurmuş: "1983-cü ildə orta məktəbi bitirdim. Hələ orta məktəb illərində şeirə, ədəbiyyata, jurnalistikaya marağım vardı. Bizim ədəbiyyat müəllimimiz Məhəmməd müəllim Hüseyn Cavidin tələbəsi olmuşdu. Məndə yazıya-pozuya həvəsi o yaratmışdı. Mən də elə o illərdən məqalələr, şeirlər yazırdım. Orta məktəbdə oxuyarkən yazılarım artıq rayon qəzetində dərc olunurdu. Beşinci sinifdə oxuyandan deyirdim ki, jurnalist olacam. Amma şərtlər mənim bu fakültəyə qəbul olmağıma imkan vermədi. Mən də sənədlərimi kitabxanaçılıq fakültəsinə verdim. Məqsədim bu idi ki, sonradan jurnalistikaya keçərəm. Beləcə, kitabxanaçılığa qəbul oldum. O dövrdə belə qayda var idi ki, birinci kursdan sonra tələbələri hərbi xidmətə aparırdılar. Biz də birinci kursu bitirib əsgərliyə yollandıq. Ordudan qayıtdıqdan sonra yenə də jurnalistika fakültəsinə keçmək istədim. Dəfələrlə cəhd elədim. Fakültə rəhbərliyi və dekanımız buna imkan vermədi. Amma jurnalistikada oxuyan tələbələrlə çox sıx münasibətlərimiz var idi. Bəziləri ilə eyni yataqxanada qalırdıq. Sonradan mən universitetin qəzetində işləməyə başladım. Jurnalistika Sənətkarlığı İnstitutu deyilən ictimai universitet var idi. Orada iştirak etdim. Hələ tələbə ikən respublika mətbuatında yazılarım dərc olunurdu. Oxuduğum müddətdə  öz xərclərimi qarşılamaq üçün bir müddət nəşriyyatda fəhlə işlədim. Gecələr qəzetləri çeşidləyir, bağlamaları maşınlara yükləyirdik. Sonradan mağazalarda gecə növbətçisi işləyirdim. Gecələr işləyir, gündüzlər dərsə gedirdim. Elə olub ki, bütün gecəni işləyib, səhər tezdən imtahanlara getmişəm. Bütün tələbələr evdən pul alırdı, mən isə əyani oxusam da, işləmək və özümü dolandırmaq zorundaydım. Hüquq, tarix fakültələrinin imkanlı tələbələrinə kurs, diplom işi üçün rusca kitablardan pul qarşılığında tərcümələr edirdim. Qazancım yaxşı olanda, kəndə - ailəmizə pul göndərdiyim hallar da olub". 

Müsahibim deyir ki, hərbi xidmət dövrü də tələbəlik illəri kimi xatirələrlərlə yadda qalıb: "Hava Hücumundan Müdafiə Qoşunlarında - radiotexniki batareyada izləmə operatoru, radioteleqrafist kimi qulluq etmişəm. Bizim işimiz daha çox Cənubi Koreyada və Yaponiyada olan Amerika təyyarələrinin uçuşlarını izləmək və komanda mərkəzinə məlumat ötürmək idi. Xidmətimin axırına yaxın zabit vəzifəsinə - məxfi sənədlər otağının rəisi təyin olundum. Əsgərlərə 7, mənə isə 27 manat maaş verirdilər. Doğrusu, buna da üzülürdüm. Ona görə də xidmətə yeni gələn əsgərlərə, dostluq etdiklərimə də pul verirdim. Mən Saxalinin şimalında, Sakit Okeanın sahilində, bir müddət Kurildə - Kunaşir adasında xidmətdə olmuşam. Oranın  iqlimi çox sərt idi. Bəzən 50 dərəcə şaxta olurdu. Sentyabrdan iyuna qədər qar yağırdı. Hərbi hissədə tək azərbaycanlı mən idim. Rus dilini bildiyim, universitet tələbəsi olduğum üçün elə çox çətin olmayıb. Əsas çətinliyim iqlimlə bağlıydı. İsti yerdən birdən-birə çox soyuğa düşmüşdüm, öyrəşmək zaman aldı".