Türkiyənin Suriya əməliyyatları kimləri və niyə narahat edir?


Dünya 09 Mar 2020 17:26:00 133 0

Türkiyənin Suriya əməliyyatları kimləri və niyə narahat edir?

Qardaş Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlardan Qərb dövlətlərinin, ABŞ-ın, Rusiya və İranın narahatçılıq keçirərək sinirilənməsi qısqanclıq yox, qorxudur.

Niyə?

Güman edirəm ki, bu niyəyə cavab tapmaq üçün ilk olaraq Osmanlı tarixinə nəzər salmaq lazımdır. Rusiya İmperiyasının qurucusu Birinci Pyotrun yuxusunu ərşə çəkən İstanbula və boğazlara sahiblənə bilməmək rusların türklərə qarşı nifrətinin ən bariz nümunəsidir. ABŞ tarixinin qara səhifəsi hesab edilən, ABŞ-ın dəniz ticarəti üzrə ilk və yeganə xərac ödəməsi üzrə bağlanmış 5 sentyabr 1795-ci il müqaviləsi amerikalıların türklərə qarşı rəğbətinin olmamasını ortaya qoyur.

İngilislərin müstəmləkəçilik siyasətinin qarşısını alan Osmanlı torpaqlarının genişliyi həmişə türklərə qarşı bir qıcıq yaratmışdır. Bir başqa niyələr də var ki, fransızların, italyanların, yunanların türklərə qarşı qorxu və qıcıqlarını göstərsin. Amma əsas olan nədir, ondan da danışmaq lazımdır. Ona görə də apardığım bir balaca araşdırmaya dostlarımı da ortaq etmək istərdim...

1299-cu ildə Anadolunun kiçik bir yaylasında kiçik bir ərazidə Osman bəy tərəfindən kiçicik bir bəyliyin təməli qoyuldu. Ən qısa zamanda qonşu bəyliklərin hamısı Osmanlı bəyliyinə birləşdirildi. Orxan Qazinin dövründə Osmanlı bəyliyi Anadolu ərazisində hakimi-mütləqiyyətə sahibləndi və 1354-cü ildə Ankara fəth edildi. Beləliklə, Osmanlı bəyliyindən Osmanlı İmperiyasınadək yol keçən tarixdə türklər böyük uğurlar əldə etdilər. Eyni zamanda, böyük uğursuzluqlarla da üzləşdilər. Osmanlı Sultanları içərisində Sultan Mehmet Fateh, Yavuz Sultan Səlim, Qanuni Sultan Süleyman kimi padşahlar Osmanlı İmperiyasını dünyanın ən qüdrətli söz sahibi sırasına ucalda bildilər. Tarixən Osmanlı imperiyası üç qitədə 5,2 milyon kvadrat kilometr əraziyə sahib olaraq dünyanın ən qüdrətli dövlətinə və ordusuna sahib olmuşdur. Osmanlı İmperiyası Bizans və Rusiya İmperiyalarına, İngiltərə, Fransa, İtaliya, Almaniya, Avstriya dövlətlərinə qarşı böyük müharibələr etmiş, qanlı döyüşlər həyata keçirmişdir. Lakin Osmanlı İmperiyasında millətçiliyin ümmətçiliyə qurban verilməsi anlaşılan olsa da, bu fakt qosqoca türk imperiyasının ərəb xilafətinin davamçısı olmasına əsas vermişdir. Osmanlı əsgəri sevgili peyğəmbərinin arzusu naminə döyüşdüyünü zənn edərək, qeyri-müsəlman ərazilərində yaşayan "kafirlər"in müsəlmanlaşmasında öz tarixi xidmətlərini qoymaq arzusu ilə daha fövqəl-adi güclə döyüşürdü.

Osmanlı tarixində taxta çıxmış sultanlar içində bir sultan haqqında azacıq özəl fikir bildirmək istərdim. Bu Sultan 3-cü Mustafadır (1717-1774). "Cihangir" ləqəbli şair Sultan 3-cü Mustafa Osmanlıda ən islahatçı, yenilikçi, maarifçi, elmə, təhsilə üstünlük verən sultan olub. Lakin həmin dönəmlərdə daha intensiv formada baş verən Osmanlı-rus müharibələri onun arzularını tam olaraq həyata keçməyə imkan vermədi. Həmçinin Sultan Mustafa bu islahatları hansısa dövlətdə mövcud olan islahatdan köçürməyi deyil, Osmanlının özünəməxsus bir islahat kimi etmək istəyirdi. Lakin bu yolda ən böyük problem kadr çatışmazlığı və təfəkkür geriliyi idi. Buna görə Sultan Mustafa 17 illik hakimiyyəti dönəmində 10-a yaxın Sadrazam dəyişdirmişdir. Ağılı və hikməti, ədaləti ilə Osmanlı tarixinin ən müdrik sadrazamı Koca Ragib Paşadan sonra onun hakimiyyətinin ən uzun Sadrazamlığı Mühsünzadə Mehmet Paşaya aid olmuşdur ki, bu da 3 il 4 ay 10 gün sürmüşdür.

Sultan 3-cü Mustafa islahatları təhsildən, sənayedən başlamışdı. Kadr çatışmazlığını yeni yaradılacaq müasir məktəblər vasitəsilə aradan qaldırmağı düşünürdü. Bildirirdi ki, bu yol gec bəhrə verəcək, amma sonunda yetkin düşüncəli müasir kadrlar yetişəcək. Ömrünün son illərində ruslar üzərində uğurlu qələbələr qazanan Sultan 3-cü Mustafa Osmanlının ən yaralı yeri olan Hərbi donanma yaradılmasının qaçılmaz bir vacibat olduğunu düşünərək "Osmanlının hər yerində quru sərhədi dənizə, suya çıxır, bunun üçün mütəq su sərhədlərimizi donanma ilə qorumalıyıq" söyləmişdir. 23 gəmilik hərbi donanma hazırlanıb Kapitan-ı dərya Hasan Paşanın əmrinə verildi. Hasan paşa bu donanma ilə 22 oktyabr 1770-ci ildə rus donanmasını ağır məğlubiyyətə uğradaraq Çeşmədə qalib gəldi.