Yeni ənənə: Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin AZƏRTACın kollektivi ilə görüşü


Digərləri 29 Fev 2020 17:33:00 152 0

Yeni ənənə: Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin AZƏRTACın kollektivi ilə görüşü

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) 100 illik yubileyi münasibətilə fevralın 29-da agentliyin kollektivi ilə görüşüb, nazirlik adından təbriklərini çatdırıb.

Son.az bildirir ki, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov agentliyin ötən 100 ildə keçdiyi inkişaf yolu barədə məlumat verib. O, ümummilli lider Heydər Əliyevin xüsusi diqqət və qayğısı, Prezident İlham Əliyevin KİV-ə hərtərəfli dəstəyi sayəsində AZƏRTAC-ın informasiya buraxılışı sahəsində əldə etdiyi uğurları diqqətə çatdırıb. İdarə Heyətinin sədri dünya media məkanında 8 dildə informasiya yayan agentliyin ölkəmizdə dinamik inkişaf proseslərini, o cümlədən sosial sahədə nailiyyətləri də mütəmadi olaraq işıqlandırdığını qeyd edib. Görüşün əhəmiyyətini vurğulayan A.Aslanov bildirib ki, nazir Sahil Babayevin AZƏRTAC-ın kollektivi ilə görüşü çox faydalı bir ənənənin əsasını qoymuş oldu.

Görüşdə çıxış edən nazir Sahil Babayev rəsmi dövlət informasiyasının əsas mənbəyi olan AZƏRTAC-ın ölkədə obyektiv və peşəkar xəbər təminatı sahəsində əsas mövqedə olduğunu vurğulayıb.

Nazir Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramı, əhalinin rifah halının yüksəldilməsi istiqamətində atılan mühüm addımlar barədə məlumat verib. O, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan DOST konsepsiyasının dövlət sosial xidmətlərindən ibarət olmaqla, hazırda 132 növdə xidmətin "bir pəncərə"dən, şəffaf və operativ, vətəndaş məmnunluğuna uyğun qurulmasını təmin etdiyini diqqətə çatdırıb. Nazir 16 elektron altsistemi və 2 reyestri özündə birləşdirən, aktiv istifadəçi sayı artıq 155 minə yaxın, baxış sayı 1,9 milyondan çox olan "E-sosial" portalının əhəmiyyətindən, "Məşğulluq" altsisteminin üstünlüklərindən bəhs edib. Bildirib ki, ötən il qurulan elektron təyinat sistemləri illik 200 min şəxsin pensiya, müavinət, təqaüd təyinatı üzrə müraciət olunmadan, proaktiv formada xidmətlə, yaradılan 15 növdə e-arayış xidməti ildə 1,5 milyondan çox insanın müvafiq arayışları e-qaydada əldə etməsinə imkan verir. Bu il daha 15 növdə e-arayış xidməti istifadəyə veriləcək. O, aktiv məşğulluq tədbirlərinin, özünüməşğulluq proqramının əhatə dairəsinin 2020-ci ildə də genişləndirilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində aparılan işləri, nazirliyin qarşısında duran hədəfləri diqqətə çatdırıb.

Nazir aparılan sosial islahatlar və əldə olunan nailiyyətlər barədə ictimaiyyətin geniş məlumatlandırılmasında AZƏRTAC-ın daimi, ardıcıl və peşəkar fəaliyyətini vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin uğurları, vətəndaş rifahının təminatına xidmət edən genişmiqyaslı islahatlar, ildən-ilə güclənən sosial müdafiə tədbirləri, aktiv məşğulluq proqramları barədə cəmiyyətin dolğun, obyektiv və çevik informasiya təminatında AZƏRTAC əsas rola malikdir. Agentliyin xəbər gündəmində sosial mövzular daim ön planda dayanır, bu sahədə yaradılan innovativ xidmət mexanizmləri, həssas qruplara dəstək layihələri barədə də mütəmadi xəbərlər yayımlanır.

AZƏRTAC-ın jurnalistlərini bir daha təbrik edən nazir S.Babayev onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.