“Yatanda da, səhər oyanan kimi də telefonuna baxır ki...”


Digərləri 29 Fev 2020 17:06:00 126 0

“Yatanda da, səhər oyanan kimi də telefonuna baxır ki...”

Hər gün müxtəlif mənbələrdən informasiyalar qəbul edirik. Əlbəttə ki, bu informasiyaların hamısı uzunmüddətli yaddaşımızda qalmır. Lakin aldığımız məlumatın məzmunundan asılı olaraq, istəsək də, istəməsək də ondan təsirlənirik.

Elə götürək ölkə və dünya gündəmini zəbt edən koronavirus xəbərlərini. Virusun yayılma arealı genişləndikcə onun haqqında yayılan yalan informasiyaların sayı da artır.

İnformasiya bolluğu şəraitində internetdə, xüsusilə  sosial şəbəkələrdə yayılan bu ziyanlı məlumatlar insan beyninin yükənməsinə səbəb olur,  dolayısı ilə sağlamlığa da təsir edir.

Bəs beynimizi, psixologiyamızı belə məlumatların axınından necə qoruyaq? İnformasiyaya olan tələbatımızı necə tənzimləyək?

Son.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan psixoloq Elnur Rüstəmov lazımsız informasiyalardan uzaq durmağın vacibliyini qeyd edib:

"İnkişaf etmək istəyən hər insan yeni informasiya və məlumatlar almalıdır. Yəni, informasiya olmasa, inkişaf da olmayacaq. Sadəcə lazımlı və lazımsız informasiya məsələsi var. Lazımlı informasiya həmişə gərəklidir. Xüsusilə sahə üzrə mütəxəssislər üçün informasiyalar, yeniliklər həmişə əhəmiyyət kəsb edib. Bir də var lazımsız informasiya. Hansı ki o informasiyaların ömrü qısadır. Yəni, bir-iki gün aktuallıq kəsb edir. Bu gün cəmiyyətdə, insanlarda aqressiya yaradan faktorlardan biri də məhz qeyd etdiyimiz lazımsız informasiyalardır ki, həm insanların əhval-ruhiyyəsinə təsir göstərir, həm də psixoloji gərginlik, sarsıntı və bunun fonunda digər şeylərə səbəb olur".

Psixoloq onlayn mediadan asılılığın mənfi nəticələrə, həmçinin travmaya qədər gətirib, çıxardığını da bildirib:

"İnformasiya təhlükəsizliyini də qorumaq lazımdır. Sosial şəbəkə idarə oluna bilmir. Orada konkret qaydaların qoyulması bir az çətindir. Ancaq televiziyalarda, yazılı mətbuatda müəyyən kriteriyalar olmalıdır. Məsələn, kriminal xəbərləri hansı formada, hansı saatda vermək lazımdır ki, bu, insanları islah etsin, kriminala təhrik etməsin.

Ola bilər ki, jurnalist psixoloji məqamları diqqətdən qaçırsın. Amma bütövlükdə prosesə baxılmalıdır. Çünki bunlar bəzən mənfi fəsadlar törədir. Tutaq ki, hər hansı bir məişət xəbərini sensassiya kimi sosial şəbəkədə verirlər. Nəzərə almaq lazımdır ki, bir hadisə böyük bir toplumda mənfi reaksiyalar verə bilər. Psixoloji sarsıntı, güvənsizlik yarada bilər. Çünki insanlarda ümumiləşdirmə var. Tutaq ki, bir ailə problemini verirlər. Bu problem sosial şəbəkədə veriləndə insanlar eyniləşdirməyə başlayır. İnsan bundan travma alır. Hansı ki məsələnin ona, onun ailəsinə, yaxınlarına aidiyyatı yoxdur. Yaxud da orta məktəbdə bir hadisə baş verir və uşağı məktəbə gedən valideynlər narahatlıq yaşayır və fikirləşirlər ki, onların övladlarının getdiyi məktəbdə də problem var. Ümumiləşdirmədən bir az çəkinmək, hadisəni əlahiddə formada götürmək, niyə baş verdiyini tədqiq etmək lazımdır.