İcraçı direktor: "TAPın yerüstü hissəsinin tikintisi başa çatmaq üzrədir"


Digərləri 29 Fev 2020 11:31:00 146 0

İcraçı direktor: "TAPın yerüstü hissəsinin tikintisi başa çatmaq üzrədir"

"Trans-Adriatik boru kəmərinin (TAP) yerüstü hissəsinin tikintisi demək olar ki, başa çatıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu TAP-ın icraçı direktoru Luka Skyeppati "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının altıncı iclasında deyib.

O bildirib ki, Yunanıstanda və Albaniyada boru kəmərinin marşrutu boyunca torpaqların bərpası başa çatıb, İtaliyada qəbul terminalının 80 faizdən çoxu tikilib.

L.Skyeppatinin sözlərinə görə, boru kəmərinin dənizin dibi ilə qoyulması üzrə işlər davam edir:

"Boruların çəkilməsi hava şəraitindən asılıdır, amma biz əminik ki, işləri yaxın aylarda başa çatdıra biləcəyik".

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsini TAP boru kəməri təşkil edir.

878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaqdır.

Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.