Koronavirus epidemiyası: BMTdə Asiya mənşəli insanlara münasibətdə nifrət təzahürlərindən narahatdırlar


Dünya 29 Fev 2020 04:30:00 117 0

Koronavirus epidemiyası: BMTdə Asiya mənşəli insanlara münasibətdə nifrət təzahürlərindən narahatdırlar

Birləşmiş Millətlər Təşkilatının insan haqları üzrə ali komissarı Mişel Baçelet BMT-yə üzv ölkələri COVID-19 koronavirusunun yayılması fonunda Asiya mənşəli insanlara münasibətdə ksenofobiya dalğasının və nifrət təzahürlərinin qarşısını almağa çağırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Dünya Səhiyyə Təşkilatının məlumatına görə, bu virusa yoluxanların sayı 81 mini ötüb, xəstəliyə tutulanların böyük əksəriyyəti Çində yerləşir. Lakin koronavirusun yayılma coğrafiyası günü-gündən genişlənir. Məsələn, bu gün Cenevrədə yoluxma halı təsdiq edilib.

İsveçrənin bu şəhərində bu günlərdə keçirilən BMT-nin insan haqları üzrə 43-cü sessiyasında çıxış edən Mişel Baçelet xəstəliklə mübarizədə birinci sırada olan tibb işçilərinin vəziyyətini vurğulayıb. O deyib: "Mən insanın həyat və sağlamlığına olan hüquqlarına təhlükə yaradan koronavirusla mübarizə aparan tibb işçilərinə dərin minnətdarlığımı bildirirəm".

Onun sözlərinə görə, xəstəliklərin belə baş qaldırması cəmiyyətin davamlılığının sınanmasıdır: əgər insan haqları sahəsində müəyyən olunan standartlara riayət olunarsa, o zaman koronavirusla mübarizə cəhdləri yalnız səmərəli ola bilər. "Virusa qalib gəlmək üçün cəmiyyətin sağlamlığı sahəsində görülən tədbirlər ayrı-seçkilik xarakteri daşımamalıdır. Əhalinin bu prosesdə iştirakı üçün onların məlumatlandırılması zəruridir", - deyə Baçelet qeyd edib.