NATO elçiləri Türkiyənin istəyi ilə Suriyanı müzakirə etmək üçün bir araya gələcək


Dünya 28 Fev 2020 22:08:00 136 0

NATO elçiləri Türkiyənin istəyi ilə Suriyanı müzakirə etmək üçün bir araya gələcək

NATO səfirləri İdlib bölgəsində Suriyanın hava hücumu ilə 33 Türkiyə əsgərinin öldürülməsindən sonra Suriyadakı vəziyyti müzakirə etmək üçün Türkiyənin istəyi ilə cümə günü Brüsseldə görüş keçirəcək.

NATO yaydığı bəyanatda bildirib ki, "NATO-nun 29 müttəfiq ölkələrinin səfirlərindən ibarət Şimali Atlantika Şurası Türkiyənin NATO-nun bünövrəsi hesab edilən Vaşinqton Müqaviləsinin 4-cü maddəsinə əsasən Suriyadakı vəziyyətlə əlaqədar danışıqların aparılmasını tələb etməsi nəticəsində fevralın 28-də bir araya gələcək."

Müqavilənin 4-cü maddəsinə əsasən müttəfiqlərdən hər hansı biri ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyinin təhlükə altında olduğunu düşündüyü zaman məsləhətləşmələrin aparılmasını tələb edə bilər.

NATO rəsmisi ittifaq səfirlərinin səhər saat 10-da bir araya gələcəklərini bildirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə axşamı axşam saatlarında NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıb.

NATO bildrib ki, Yens Stoltenberq səhər elçilərin görüşündən sonra saat 11:45-də mətbuat konfransı keçirəcək.