Övladlığagötürmə sahəsində müasir və innovativ idarəetmə təşki edilir


Digərləri 28 Fev 2020 11:54:00 128 0

Övladlığagötürmə sahəsində müasir və innovativ idarəetmə təşki edilir

Övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu yeni Qaydada əsas prinsip kimi müəyyən olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Son.az-a bildirilib ki, Prezident İlham Əliyevin 27 fevral 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası" ölkəmizdə övladlığagötürmə sahəsində idarəetmənin müasir səviyyədə və innovativ əsaslarda təşkilinə, uşaqların yeni ailələrdə yaşaması və inkişafına nəzarətin gücləndirilməsinə xidmət edir.

Qaydada valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin vahid uçotunun elektron qaydada aparılması, övladlığagötürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsi, habelə övladlığagötürmənin ləğvinin tələb edilməsi və övladlığagötürmə sahəsində monitorinq aparılması qaydaları müəyyən edilir.

Sənəddə bu sahədə işlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirildiyi bildirilir. Qaydaya əsasən, övladlığa götürülən uşaqların, habelə valideyn-namizədlərin vahid uçotunu nazirlik özünün və Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Miqrasiya Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və kredit bürolarının informasiya sistemlərindən və ehtiyatlarından istifadə etməklə elektron qaydada aparacaq.

Övladlığagötürmə prosesinin elektron sistem üzərindən aparılması ilə bağlı qaydaların təqdim edildiyi sənəddə övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu və onun övladlığa götürüldüyü ailədə inkişafı üçün şəraitin olması vacib prinsiplərdən biri kimi diqqəti cəlb edir. Yəni Qayda bütün tərəflərdən - ailənin maddi-məişət şəraiti, ailənin tərkibi, ailə üzvlərinin sağlamlığı, ailədəki münasibətlər, valideyn-namizədin valideynlik bacarıqları və s. baxımından övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğunun dəqiq müəyyən olunmasını və nəticəsinə uyğun qərar verilməsini nəzərdə tutur.

Qaydaya əsasən, Ailə Məcəlləsinin 120.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda, habelə övladlığa götürməyə, qəyyumluğa və himayəyə qəbul etməyə imkan verməyən və siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən xəstəliklərdən birinə tutulmuş valideyn-namizəd, nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (yaxın qohumları olan uşağın övladlığa götürülməsi istisna olmaqla) tərəfindən uşaqların övladlığa götürülməsinə, həmçinin aralarında nikah olmayan şəxslərin birlikdə eyni uşağı övladlığa götürməsinə yol verilmir.