Çiriş kətəsinin dadı


Digərləri 27 Fev 2020 23:05:00 268 0

Çiriş kətəsinin dadı

Yazın əvvəllərində yerdən topa-topa çıxan çirişin yarpaqları yaşıl rəngin ən tünd çalarlarında olur, formasına görə erkən yazda qar altından boy göstərən nərgizi xatırladır. Bitkinin adı yunan dilindən tərcümədə "səhra quyruğu" mənası verir, qiymətli tərəvəz kimi geniş yayılıb. Çiriş köklərindən hazırlanan yapışqandan cildləmədə, papaq və çəkmə istehsalında istifadə edilir. Həmin yapışqana su dəyməyəndə yüz illərlə öz keyfiyyətini saxlayır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 1959-cu ildə ukraynalı alim S.Xarkeviç Azərbaycan florasındakı bitkiləri tədqiq edərkən Yevlax rayonundakı Xaldan kəndi ətrafında çirişin yeni növünü müəyyən edərək onu Azərbaycan çirişi adlandırıb.

Çirişin kökü, kökyumrusu, yarpaq və çiçəyindən xalq təbabətində geniş istifadə olunur. İyunda bitkini torpaqdan qazıb çıxarır, köklərini təmizləyib qurudur, həvəngdəstə və ya qəhvəüyüdəndə toz halına salırlar. İki xörək qaşığı üyüdülmüş çiriş unu üzərinə 1 xörək qaşığı arpa unu əlavə edilir, yumurta ağı ilə qarışdırılaraq nə çox duru, nə də çox qatı olmayan məlhəm hazırlanır. Məlhəmin üzərinə bir qədər kərə yağı sürtülərək tənzifin arasına qoyulur, qol, dirsək, ayaq oynaqlarındakı çıxıq və çatların üzərinə bağlanılır. Məlhəmdən əvvəl xəstə nahiyənin üzəri pambığa hopdurulmuş spirtlə silinir, sarğı üç gündən bir dəyişdirilir. Prosedura düzgün əməl edəndə10-15 gündən sonra ağrılar tam keçir.

Çiriş tozu təzə beçə balı ilə qaynadılır və azacıq qatılaşana yaxın götürülür. Hazırlanan məlhəm sınıq və çıxıqlarda, çiban və dolama tipli irinli yaraların müalicəsində istifadə edilir.

Çiriş kökü təmizlənir, qurudulur və üyüdülür, alınan tozdan 100 qram eyni miqdarda balla qarışdırılır və vam ocaqda qaynadılır. Bir az soyuyandan sonra qarışığın üzərinə 30 qram əzvay şirəsi qatılır. Hazırlanan məlhəm dolama və kor çiban kimi yaraların müalicəsində tətbiq olunur.