Məkkə və Mədinəyə girişə qadağa qoyuldu


Dünya 27 Fev 2020 21:16:00 121 0

Məkkə və Mədinəyə girişə qadağa qoyuldu

Səudiyyə Ərəbistanı höküməti fevralın 27-də koronavirus səbəbiylə müsəlmanlar üçün müqəddəs hesab olunan Məkkə və Mədinə şəhərlərinə girişə müvəqqəti qadağa qoyub. Hər il oraya dünyanın hər yerindən təxminən 8 milyon zəvvar gəlir. Onların əhəmiyyətli bir hissəsi ora İslam təqviminə görə Zül-hiccə ayında həcc ziyarəti etmək, həm də istənilən ayda yerinə yetirilən ümrə üçün səfər edir.

Məhdudiyyətlərin nə qədər davam edəcəyi və Ramazan ayında (bu il Ramazan ayı 23 apreldən - 23 mayadək davam edəcək) ümrə ziyarətinə gələn zəvvarlara şamil olunub-olunmayacağı hələ bilinmir.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Səudiyyə Ərəbistanın Xarici İşlər Nazirliyi, həmçinin, koronovirusa yoluxma hallarının qeydə alındığı ölkələrin sakinlərinin ölkəyə turist vizalarında girişinə sə qadağaların tətbiq ediləcəyini açıqlayıb. Ancaq Səudiyyə höküməti həmin ölkələrin adlarının açıqlamayıb və sadəcə olaraq ölkələrin siyahısının daim yeniləndiyini qeyd edib.

Səudiyyə Ərəbistanında hələ ki, rəsmi olaraq koronavirusa yoluxma hadisəsi qeydə alınmayıb. Lakin qonşu ölkələrdə xəstəliyə yoluxanlar var. Onlar arasında Küveyt, Bəhreyn, İraq, eləcə də Birləşmiş Ərəb Əmirlikləri var. Bundan əlavə İranda da yoluxma hallarının sayı sürətlə artır. Orada koronavirusa yoluxanların sayı artıq 139-a çatıb.