Goranboyda qətl törədən polisin işi


Digərləri 27 Fev 2020 19:14:00 137 0

Goranboyda qətl törədən polisin işi

Goranboy rayonunda silahlı insident törətməkdə təqsirli bilinən polis zabiti Vüsal Kərimovun barəsində olan cinayət işi üzrə material baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası fevralın 28-nə təyin olunub.

İstintaq orqanı tərəfindən Vüsal Kərimovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, Goranboy rayonunun Goran qəsəbəsində qarşıdurma zamanı Kəlbəcər rayon sakini, 1986-cı il təvəllüdlü Vüsal Kərimov, Goranboy rayon sakini, 1999-cu il təvəllüdlü Təbriz Əmrahov, onun qardaşı Lətif Əmrahov və Goranboy rayon Boluslu kənd sakini, 1994-cü il təvəllüdlü Səfər Həsənov xəsarət alıblar.

Məlumata görə, hadisə Vüsal Kərimovla Təbriz Əmrahov arasında yaranan mübahisə zəminində baş verib.

Vüsal Kərimov polis leytenantı, hadisənin digər iştirakçısı Səfər Həsənov isə Goran qəsəbəsində mühafizə xidməti əməkdaşıdır.

Hadisə zamanı xəsarət alan Təbriz Əhmədov vəfat edib.

Qeyd edək ki, cinayət işində adı keçən Lətif Əmrahovun barəsində olan cinayət işi ayrıca icraatda araşdırılıb.

İstintaq orqanı tərəfindən Lətif Əmrahovun barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 221.1-ci (xuliqanlıq) və 232.2.4-cü (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə, həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə) maddələri ilə ittiham elan edilib.

İttihama görə, ötən il iyulun 12-də gecə saat 23 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində xidmət aparan rayon polis şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimov avtomobilin yolun kənarındakı maneəyə çırpılması ilə əlaqədar bir qrup şəxsin yol kənarında toplaşdıqlarını görüb və onlara yaxınlaşıb.

Bu zaman həmin şəxslərlə polis əməkdaşı arasında mübahisə yaranıb və onlardan biri - Qarapirimli kənd sakini Lətif Əmrahov polis əməkdaşına qəfil zərbə endirərək onu yerə yıxıb.