Azərbaycanda müqavilə əsaslı təsərrüfatçılıq formalaşdırılır FOTO


Digərləri 27 Fev 2020 18:19:00 163 0

Azərbaycanda müqavilə əsaslı təsərrüfatçılıq formalaşdırılır  FOTO

Lənkəran rayonunda Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində həyata keçirilən AMAL Akademiyası Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən Son.az-a verilən məlumata görə, görüşdə nazir İnam Kərimov, Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev və AMAL Akademiyası Qış Məktəbinə qoşulan 23 rayondan 46 gənc iştirak edib.

Tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Nazir bildirib ki, ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə inkişaf tempi davam edir: "Cənab Prezident tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Həyata keçirilən dövlət dəstəyi nəticəsində son bir neçə ildə aqrar sektorda daim inkişaf tempi müşahidə edilir. Təsadüfi deyil ki, təkcə ötən il kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi əvvəlki illə müqayisədə 7 faizdən çox artıb".

Kənd təsərrüfatının intensiv inkişafının peşəkar kadrlardan birbaşa asılı olduğunu deyən nazir əlavə edib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da aqrar sahədə məhsuldarlığın artırılmasına imkan verən müasir texnika və texnologiyalardan səmərəli istifadə etmək bacarığına malik peşəkar kadrlara, mütəxəssislərə ehtiyac getdikcə artır: "Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən digər sahələrdə olduğu kimi gənclərin aqrar sahəyə cəlbi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Aqrar Məşğulluğun Artırılması Layihəsinin məqsədi də gənclərin aqrar sahəyə marağını artırmaqdır. Bu layihə gənclərin öz arzusuna çatması üçün bir vasitədir. AMAL Akademiyası Qış Məktəbi aqrar sahəyə ciddi maraq göstərən gənclərin gələcəkdə birgə fəaliyyətinin və şəbəkələşməsinin təmin edilməsi üçün uğurlu başlanğıcdır".

Tədbirdə çıxış edən Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov qeyd edib ki, ölkədə bütün sahələrdə genişmiqyaslı yenidənqurma işləri aparılır. O bildirib ki, dövlət başçısı tərəfindən həyata keçirilən gənclər siyasətinin məntiqi davamı kimi aqrar sahədə reallaşdırılan tədbirlər nəticəsində gənclərin aqrar sahəyə marağını artırıb.

AMAL Akademiyası Qış Məktəbinin iştirakçıları ilə aqrar sahənin inkişafı, gənclərin kənd təsərrüfatının inkişafında rolu barədə fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.

Səfər çərçivəsində tədbir iştirakçıları Lənkəran rayonunun Bürcəli kəndində AMAL layihəsi çərçivəsində salınmış sitrus meyvə baglarına baxış keçirib, gənc fermerlərlə görüşüblər. Bu meyvə bağı nümunəvi təsərrüfat modeli əsasında salınıb, gənclərin aqrar sahəyə marağının artırılması, AMAL layihəsinin iştirakçılarında peşəkar vərdişlərin formalaşdırılması məqsədi daşıyır.