Xocalı soyqırımına həsr olunmuş "Vicdanın hökmü" tamaşası nümayiş etdirildi


Kriminal 27 Fev 2020 17:58:00 259 0

Xocalı soyqırımına həsr olunmuş "Vicdanın hökmü" tamaşası nümayiş etdirildi

Acı yaşamları, qanlı günləri, sarsıntı doğuran faciələri  əks etdirən  tarix səhifələrindən birinin ildönümünü qarşılayırıq. Xocalı faciəsi hər bir azərbaycanlının ürəyinə dağ çəkmiş müthiş gecə, insanlığın  talan olduğu  gündür. O gecə namərd  güllələri dinc sakinlərin  bağrını qan elədi. 66-cı  rus motoatıcı divizyasının satın alınmış heyətinə  və onun  texnikasına  arxalanan erməni quldurları  nəinki  beynəlxalq  konvensiyaları  ümumilikdə  insanlıq   qanunlarını ayaqlar altına aldılar. Yüzlərlə insan qətlə yetirildi, girov götürüldü. O gün Azərbaycan tarixinə  qanla yazıldı.

Bu gün hər bir azərbaycanlı  bu qanlı səhifənin  gənc nəslin yaddaşında möhkəmlənməsi  üçün  bacardığını  etməlidir. Sumqayıt Dövlət Dram Teatrının  kollektivi  də 26 fevral Xocalı qətliamı ilə bağlı  xüsusi gün keçirdi. Sumqayıt Dövlət Dram Teatrının direktoru  əməkdar artist Mübariz Həmidov  Qarabağ savaşının  tarixinə nəzər salaraq  ermənilərin  saxtalıq və hiyləgərlik üstündə  qurulmuş  idealogiyasının  mahiyyətindən danışdı və Azərbaycan prezidenti Cənab İlham Əliyevin  paşinyanla  dialoqunda  verdiyi mükəmməl  məntiqli cavabını  Azərbaycaycan  diplomatiyasının  qələbəsi adlandırdı.

Teatrın baş rejissoru Xalq artisti  Firudin Məhərrəmov da çıxışında bu qətliyamın bəşəriyyətin ən  qanlı cinayəti kimi dəyərləndirdi. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nams Şirməmmədov  tarixi günlərə həsr olunmuş  tamaşaların repertuarda  yer almasının  zəruriliyini  və bunun gənc  nəslin yaddaşının  möhkəmlənməsinə  töhvə olduğunu  söylədi. Səhnə əsərinə gəlincə  isə  bildirdi ki,  əsərin müəllifi  gələcəyə çox böyük inamla baxır.  Çünki  ölkəmiz  sürətli inkişaf yolundadır. Ordumuz dünyanın  qüdrətli  orduları sırasındadır və  hər kəs  ən dəyərli amil olan Azərbaycan dövlətçiliyi ətrafında müqəddəs üçrəngli bayraq uğrunda  birləşib.

Daha sonra görkəmli  yazıçı dramaturq  Hüseynbala Mirələmovun  "Vicdanın hökmü" pyesi əsasında hazırlanan tamaşa nümayiş etdirildi.  Qeyd edək ki, tamaşa Qarabağ hadisələrinə  həsr olunub.