Alternativ enerji sahəsində sərgilər və konfranslar investorları stimullaşdıracaq "Iteca Caspian"ın rəhbəri bu sahəyə artan maraq haqqında


Digərləri 27 Fev 2020 09:01:00 126 0

Alternativ enerji sahəsində sərgilər və konfranslar investorları stimullaşdıracaq  "Iteca Caspian"ın rəhbəri bu sahəyə artan maraq haqqında

"Sərgilər alternativ enerjinin sahəsinə yeni yerli və xarici investorları cəlb edir".

Son.az xəbər verir ki, bunu Trend-ə "Iteca Caspian" şirkətinin direktoru Fərid Məmmədov deyib.

Onun sözlərinə görə, alternativ enerji sahəsində sərgilər və konfranslar, şübhəsiz, müsbət təsir göstərir, investisiya axınını stimullaşdırır:

"Caspian Power" öz növbəsində bu sahənin ölkəmizdə inkişafına müsbət təsir göstərir. Hər il tədbirlərdə 7 mindən artıq insan iştirak edir. Sərgilərdə iştirak etmək şirkətlərə yeni əlaqələr, yeni investorlar əldə etmək şansı verir. Həmçinin sərgi elm və istehsal, istehsalçı və investorlar arasında əlaqələndirici vasitə olur. Bu il sərgi iyulun 2-dən 4-dək keçiriləcək. Bu dövrdə Bakı enerji sahəsinin mərkəzinə çevrilir. Sərgini Azərbaycanın Energetika Nazirliyi dəstəkləyir. Biz, həmçinin "Caspian Power" sərgisinə rəsmi dəstək verən "AzərEnerji" ilə də sıx əməkdaşlıq edirik. Bazarın və yerli şirkətlərimizin hazırda nəyə ehtiyacı olduğu ilə maraqlanır və sərgilərdə bu sahələri inkişaf etdirməyə çalışırıq. Bu il "AzərEnerji" sərgidə öz stendi ilə iştirak edəcək və elektrik enerjisi sahəsində innovasiyaları nümayiş etdirəcək".

F.Məmmədov qeyd edib ki, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yarandığı andan bəri onlarla çox sıx iş münasibətləri qurulub:

"Ötən il ərzində Agentliyin dəstəyi ilə kiçik və orta biznes nümayəndələrinin birgə stendi müxtəlif sərgilərdə təqdim edilib. Biz çox sayda müsbət rəylər aldıq və Agentlik hesab edir ki, sərgilər Azərbaycanda orta və kiçik biznesin inkişafına müsbət təsir göstərir. Bu il biz Agentlik vasitəsi ilə kiçik və orta biznes müəssisələrinin xüsusi əlverişli şərtlərlə Azərbaycandakı sərgiyə cəlb edilməsi və iştirakının stimullaşdırılması baxımından işimizi davam etdirəcəyik. Həmçinin KOBİA-nın birgə stendi iyun ayında Bakıda Ekspo Mərkəzində keçiriləcək "Beynəlxalq Xəzər Neft və Qaz" və "Caspian Power" sərgilərində nümayiş ediləcək. Agentlik kiçik və orta biznesə "Xəzərin Nefti və Qazı" və "Caspian Power" kimi tanınmış beynəlxalq sərgilərin bir hissəsi olmasına kömək etməklə yanaşı, onlara geniş və peşəkar auditoriyaya istehsal və xidmətlərini nümayiş etdirmək imkanı yaradır.