Bakı Konqres Mərkəzində “Könlüm Xocalı” FOTO


Digərləri 27 Fev 2020 08:48:00 121 0

Bakı Konqres Mərkəzində “Könlüm Xocalı”  FOTO

Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə fevralın 26-da Bakı Konqres Mərkəzində "Könlüm Xocalı" adlı tədbir keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, tədbirdə Xocalı soyqırımının şahidləri, dövlət rəsmiləri, gənclər təşkilatlarının rəhbərləri və ölkədə fəaliyyət göstərən könüllü hərəkatları və təşkilatlarının iki minə yaxın üzvü, Polis Akademiyası, Ali Hərbi Akademiya və Dövlət Sərhəd Xidməti Akademiyasının yüzlərlə müdavimi iştirak edib.

Tədbir keçirilən məkanda Xocalı soyqırımını əks etdirən xarici və yerli fotoqrafların lentə aldığı tarixi fotolardan ibarət sərgi təşkil edilmiş, həmçinin soyqırımı həqiqətlərindən bəhs edən nəşr və təbliğat materialları əks olunmuş "Xocalıya ədalət!" beynəlxalq maarifləndirmə kampaniyasının xüsusi stendi quraşdırılmışdır.

Eyni zamanda, tədbirdən əvvəl "Xocalıya ədalət!" beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində nəşr edilmiş və Milli Qəhrəman Əlif Hacıyevə həsr olunmuş "Qırmızı ləçəklər" kitabının təqdimatı keçirilmişdir.

Tədbir dövlət himninin səslənməsi və faciə qurbanlarının xatirəsinin yad olunması ilə başlanmış, iştirakçılara soyqırımı barədə xüsusi hazırlanmış təqdimat nümayiş etdirilmişdir. Bildirilmişdir ki, 1992-ci il fevralın 25-dən - 26-na keçən gecə erməni təcavüzkarları tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirildiyi soyqırımı nəticəsində bir gecədə 106-sı qadın, 63-ü uşaq, 70-i ahıl insanlar olmaqla 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdir.

Xüsusi olaraq vurğulanıb ki, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət Ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət!" beynəlxalq maarifləndirmə kampaniyası soyqırımın tanınmasında mühüm rol oynayır.