“Fitch Ratings” İpoteka və Kredit Zəmanət Fondunun reytinqini təsdiq edib


Digərləri 26 Fev 2020 21:27:00 112 0

“Fitch Ratings” İpoteka və Kredit Zəmanət Fondunun reytinqini təsdiq edib

İpoteka və Kredit Zəmanət Fondunun (Fond) fəaliyyətinin "Fitch Ratings" Agentliyi (bundan sonra Agentlik) tərəfindən növbəti qiymətləndirilməsi həyata keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, agentliyin qiymətləndirməsinə əsasən, Fondun uzunmüddətli xarici və yerli valyutada defolt reytinqi "BB+" səviyyəsində (proqnoz "stabil") təsdiq edilib.

Reytinqin "BB+" səviyyəsində (proqnoz "stabil") təsdiq olunması dövlət ilə Fond arasında güclü əlaqənin olması barədə "Fitch"in dəyişməz mövqeyini əks etdirir. Agentliyin "Hökumətlə əlaqəli qurumların reytinq meyarları"na əsasən, "Fitch", dövlətin Fonda dəstəyini çox yüksək qiymətləndirir. Dövlətlə Fond arasındakı əlaqənin güclü olması və dövlətin Fonda dəstəyini nəzərə alaraq, "Fitch" Fondun reytinqini ölkənin suveren reytinqinə bərabər olaraq müəyyənləşdirib.

Hüquqi status və idarəetmə çox güclü olaraq qiymətləndirilib. Fond qeyri-kommersiya publik hüquqi şəxsdir və dövlətə məxsusdur.

Dövlətin təşəbbüsü ilə Fondun mandatına ipoteka əməliyyatları ilə yanaşı, kiçik və orta sahibkarlığın dəstəklənməsi funksiyasının əlavə olunması Fondun dövlətin sosial-iqtisadi siyasətinin həyata keçirilməsində strateji əhəmiyyətini daha da artırıb.

Dövlətin Fonda dəstəyi güclü olaraq qiymətləndirilib.

Yarandığı gündən etibarən Fond davamlı olaraq dövlətdən müxtəlif növ dəstək alır. Bura illik kapital daxilolmaları, dövlətdən transferlər və Mərkəzi Bankın Fondun istiqrazlarına təkrar bazarda likvidlik dəstəyi daxildir. Fond, həmçinin, ucuz maliyyələşmə, 2019-cu ildən başlayaraq gəlir vergisindən azad edilmə və əməliyyatlardan əldə etdiyi mənfəətdən istifadə etmə kimi dolayı dəstəyə malikdir.

Həm əhalinin əlverişli şərtlərlə yaşayış sahələri ilə təmin edilməsi kimi ənənəvi seqmentini, həm də sahibkarların manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyalarının verilməsi kimi yeni fəaliyyətini nəzərə alaraq "Fitch" orta müddətli dövrdə də Fondun dövlət tərəfindən aldığı dəstəyin davamlı olacağını güman edir.

Agentlik hesab edir ki, dövlətin mənzil siyasətində Fond strateji əhəmiyyətə malikdir. Fond respublikada güzəştli ipoteka kreditlərini verən yeganə dövlət qurumudur və bank sektorunun zəif olduğu bir şəraitdə güzəştli ipoteka kreditini təmin edən hər hansı başqa qurum yoxdur.