TRACECA bu il üçün planlar və yeni həllərin tətbiqi barədə


Digərləri 26 Fev 2020 21:11:00 155 0

TRACECA bu il üçün planlar və yeni həllərin tətbiqi barədə

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) üzrə 2020-ci il üçün planlar, eləcə də TRACECA təşkilatının 2018-2019-cu illər üzrə statistik məlumatları və Azərbaycanın ən çox tələb olunan məhsullarının ixrac-idxalı məsələləri müzakirə olunub.

Son.az bildirir ki, bunu Trend-ə TRACECA Hökumətlərarası komissiyasının Daimi katibliyinin baş katibi Aset Asavbayev deyib.

O bildirib ki, 2020-ci ildə nəqliyyat dəhlizini yeni avadanlıq, rəqəmsal texnologiya, sərhədyanı zonaların infrastrukturunun inkişafı, beynəlxalq norma və standartlara uyğun olmayan məhsulların aşkar olunmasının təkmilləşdirilməsi məqsədilə skanerlərin tətbiqi yolu ilə bütün sahələr üzrə inkişaf etdirmək planlaşdırılır.

Baş katibin sözlərinə görə, ötən il nəqliyyat dəhlizinin Azərbaycan sahəsində yük daşımalarının həcmi 52 milyon 761,9 min ton, yük dövriyyəsi isə 158,3 milyon ton təşkil edib. 2018-ci illə müqayisədə Azərbaycan sahəsində yük daşımalarının həcmi 0,2 faiz artıb:

"Yükün 34 milyon 619,9 min tonu və ya 65,6 faizi avtomobil nəqliyyatı, 13 milyon 326,6 min tonu və ya 25,3 faizi dəmir yolu, 4 milyon 824,4 min tonu və ya 9,1 faizi dəniz nəqliyyatı ilə daşınıb. Yüklərin 8,77 milyon tonu və ya 15,3 faizini tranzit yükləri təşkil edib".