Dərsliklərin hazırlanması qaydası müəyyənləşdi 100 ballıq şkala olacaq


Digərləri 26 Fev 2020 21:08:00 149 0

Dərsliklərin hazırlanması qaydası müəyyənləşdi  100 ballıq şkala olacaq

Nazirlər Kabineti "Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası"nı təsdiqləyib.

Son.az bildirir ki, Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Bu qayda "Ümumi təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 4.0.12-ci maddəsinə uyğun olaraq hazırlanıb və ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması, təsdiqlənməsi və nəşri qaydasını müəyyən edir.

Bu qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

tədris-metodik vasitə - tədris məqsədləri üçün istifadə olunan kağız və ya elektron daşıyıcılarda olan resurs və ya resurs dəsti;

açıq tədris-metodik vasitə - ödənişsiz və məhdudiyyətsiz istifadəyə icazə verilən tədris-metodik vasitə;

dərslik - sistemli materialları özündə ehtiva edən və təhsil proqramına (kurikuluma) daxil olan fənnin (inkişaf sahəsinin) tədrisi müddətində müəyyənləşdirilmiş məzmun standartlarının təhsilalanlar tərəfindən mənimsənilməsini təmin edən tədris-metodik vasitə;

kağız dərslik - kağız daşıyıcıda olan dərslik;

rəqəmsal dərslik - rəqəmli, mətnli, qrafik, audio, video və digər materialların məcmusundan ibarət elektron daşıyıcıda olan dərslik;

dərs vəsaiti - təhsil proqramına (kurikuluma) daxil olan fənnin (inkişaf sahəsinin) tədrisi müddətində müəyyənləşdirilmiş məzmun standartlarının təhsilalanlar tərəfindən mənimsənilməsinə yardım edən tədris-metodik vasitə;

qrif - ümumi təhsil müəssisələrində dərsliyin istifadəsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən verilən eyniləşdirmə nömrəsi.

Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi müəyyənləşib.

Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə həyata keçirilə bilər.

Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi zamanı aşağıdakı ümumi tələblər nəzərə alınmalıdır:

materialların elmi etibarlılığı, dəqiqliyi, inkişafyönümlülüyü, dəyəryönümlülüyü, tərbiyəyönümlülüyü, şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu;

pedaqoji və metodiki yanaşmaların qabaqcıl

nəzəriyyələrə uyğunluğu;

dizayn və tərtibatın məntiqliyi, estetikliyi və müasirliyi;

Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğunluğu.

Dövlət ümumi təhsil proqramlarının (kurikulumların) həyata keçirilməsini təmin etmək məqsədilə Nazirlik tərəfindən bütün fənlər (inkişaf sahələri) üzrə açıq tədris-metodik vasitələri kimi dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi sifariş edilir.

Açıq tədris-metodik vasitələrdən əlavə olaraq dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində istifadə edilməsi üçün başqa dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin müstəsna və ya qeyri-müstəsna hüquqlarının alınması yolu ilə törəmə (tərcümə, dəyişdirmə) dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi Nazirlik tərəfindən sifariş edilir.

Qərarla ümumi təhsil müəssisələrində istifadə edilməsi üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələr təsdiqlənib.

Ümumi təhsil müəssisələrində istifadə edilməsi üçün dərsliklərin təsdiqlənməsi onlara qrif verilməsi yolu ilə həyata keçirilir.

Dərsliyə və onun hər bir təkmilləşdirilmiş və ya törəmə (tərcümə, dəyişdirmə) nəşrinə ayrıca qrif verilir.

Dərsliyə qrif verilməsi ümumi təhsil müəssisəsinin müraciəti və ya Nazirliyin təşəbbüsü əsasında həyata keçirilir.

Dərsliyə qrif almaq üçün ümumi təhsil müəssisəsi (bundan sonra - ərizəçi) Nazirliyin "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (bundan sonra - TMİS) vasitəsilə dərsliyi və dərsliyin əsaslandığı təhsil proqramını (kurikulumu) elektron formada Nazirliyə təqdim etməlidir.

Dərsliyə qrif almaq üçün müraciət Nazirliyə daxil olduqdan sonra ərizəçinin müraciətində göstərdiyi əlaqə telefonuna və elektron poçt ünvanına qeydiyyat şifrəsi göndərilir. Ərizəçi qeydiyyat şifrəsi vasitəsilə onun üçün açılmış şəxsi kabinetdə olan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər.

Qrif verilməsi üçün dərsliyin qiymətləndirilməsini həyata keçirmək məqsədilə Nazirlik tərəfindən müvafiq sahədə 10 (on) ildən artıq pedaqoji təcrübəsi və ya elmi dərəcəsi olan ən azı 3 (üç) nəfər mütəxəssis cəlb edilir. Bu mümkün olmadıqda, dərsliyin qiymətləndirilməsinə daha az sayda mütəxəssis cəlb edilə bilər.

Dərsliyə qrif verilməsi üçün müraciətə 2 (iki) ay ərzində baxılır.

Dərslik 100 ballıq şkala üzrə aşağıdakı meyarlar əsasında qiymətləndirilir:

dərsliyin təhsil proqramına (kurikuluma) uyğunluğu (30 bal);

dərsliyə daxil edilmiş materialların elmi etibarlılığı, dəqiqliyi, inkişafyönümlülüyü, tərbiyəyönümlülüyü, dəyəryönümlülüyü, şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu (40 bal);

dərslikdə nəzərdə tutulan pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə uyğunluğu (20 bal);

dizayn və tərtibatın məntiqliyi, estetikliyi və müasirliyi (10 bal).