Bəhruz Quliyev: "AzərbaycanTürkiyə münasibətləri keyfiyyətcə yeni müstəviyə keçməkdədir"


Siyasət 26 Fev 2020 19:59:00 126 0

Bəhruz Quliyev: "AzərbaycanTürkiyə münasibətləri keyfiyyətcə yeni müstəviyə keçməkdədir"

"Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Bizi birləşdirən dəyərlər - ilk növbədə ortaq tariximiz, soy-kökümüz, mədəniyyətimiz, ənənələrimiz, inanclarımız, dilimiz, dinimizdir. Dövlətlər arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir".

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan-Türkiyə müttəfiqliyi bütövlükdə Cənubi Qafqaz bölgəsində sülh və sabitlik, habelə iqtisadi tərəqqi üçün əsaslı zəmin rolunu oynayıb: "İki ölkə arasında siyasi, iqtisadi, hərbi, ticari əlaqələrinin olduğunu deyən ekspert söyləyib ki, Prezident İlham Əliyev həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatla çıxış edərkən də bildirdi ki, Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir və iki ölkə arasında əlaqələr möhkəm təməllər üzərində qurulub".

Ekspert qeyd edib ki, təkcə ötən il Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin 4,5 milyard dollara çatması iki ölkə arasında münasibətlərin hansı səviyyədə olduğunu ortaya qoymuş olur: "Dövlət başçısı da çıxışında vurğuladı ki, hazırda Azərbaycanda 4 minə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir. Türkiyə şirkətləri 300-dən çox layihədə 16 milyard dollar həcmində iş görüb və bu parametrlərə görə Türkiyə birinci yerdədir. Qarşıya qoyulan məqsədlərdən biri isə iki ölkə arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılmasıdır".

B.Quliyev vurğulayıb ki, Azərbaycanla Türkiyənin birgə reallaşdırdığı layihələr təkcə iki ölkə üçün deyil, eləcə də region, Avropa ölkələri üçün mühüm əhəmiyyət kəsb edir: "Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TANAP, TAP layihələri, eləcə də Bakı-Tbilisi-Qars, Qars-Naxçıvan, Qars-İğdır-Naxçıvan dəmir yolu xətləri və digərləri iki ölkə arasında münasibətləri bir-birinə yaxınlaşdırmaqla yanaşı, həm də Türkiyə və Azərbaycanın daha da güclənməsinə xidmət edir".

Baş redaktor deyib ki, Azərbaycan və Türkiyə arasında siyasi əlaqələr strateji müttəfiqlik səviyyəsinə yüksəlib: "Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən BMT, Avropa Birliyi, ATƏT və Avropa Şurasında bir-birinə lazımi dəstəyi verir. Rəsmi Ankara bütün beynəlxalq toplantılarda Azərbaycanın haqlı mövqeyini müdafiə edərək, Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz azad etməsi tələbini irəli sürür. Azərbaycan da bütün beynəlxalq platformalarda Türkiyənin maraqlarından çıxış edərək, hər zaman qardaş ölkənin yanında olduğunu və dəstəklədiyini bəyan edir".

Son.az